Bu gün:

Almaniya Polşa üzərindəki "hava polisliyi" missiyasını genişləndirəcək


Almaniya hökumətinin NATO çərçivəsində Polşa üzərində həyata keçirilən “hava polisliyi” missiyasını uzadacağı və genişləndirəcəyi açıqlanıb.Almaniya hökumətinin sözçüsü Stefan Kornelius yazılı açıqlamasında bildirib ki, Berlin, Rusiyanın son dövrlərdə Polşa hava məkanını pozmasına cavab olaraq “NATO”nun şərq sərhədindəki mövcudluğunu gücləndirəcək.

Kornelius deyib:

“Almaniya hökuməti Baltik ölkələri və Polşadakı mövcud öhdəliklərlə yanaşı, Polşa üzərindəki hava polisliyi missiyasını da uzadacaq və genişləndirəcək”.

O əlavə edib ki, Almaniya Ukraynaya dəstəyini də gücləndirəcək və ölkəsi Avropa İttifaqının Rusiyaya qarşı nəzərdə tutulan 19-cu sanksiyalar paketinin qəbul olunması üçün çalışacaq.

Almaniya Müdafiə Nazirliyinin açıqlamasında isə vurğulanıb ki, bütün bu tədbirlər müttəfiqlər və NATO ilə sıx koordinasiya şəklində həyata keçiriləcək.

Açıqlamaya görə, hazırda Laage Hava Bazasından Polşa hava məkanının müdafiəsi üçün gözləmə vəziyyətində saxlanılan təcili reaksiya filosunun missiyası 31 dekabr 2025-ci ilə qədər uzadılacaq. Bundan başqa, həmin filoda yer alan Eurofighter tipli döyüş təyyarələrinin sayı ikiqat artırılaraq 4-ə çatdırılacaq.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et