Bu gün:

Ən bahalı ağac: Niyə qızıldan bahalıdır?


Bir taxta parçası zinət əşyasından daha baha ola bilərmi? Qulağa qəribə gəlir, amma doğrudur. Kolleksionerlər və ətir evləri külçə qızıla ödədiklərindən daha çoxunu ödəməyə hazır olduqları bir ağac var. Buna kinam və ya çiara deyilir. Onun bir qramının qiyməti 10 min dollara çata bilər. Gəlin öyrənək: bu ağac harada bitir, niyə bu qədər qiymətlidir və bu təbii xəzinəyə sahib olmaq üçün kimlər nələr edirlər?


Kinam – əfsanəyə çevrilmiş ağac

Kinam agar və ya aloy ağacı kimi də tanınır (aloe bitkisi ilə qarışdırılmamalıdır). Asiyada ona “tanrıların ağacı” deyirlər. Əsasən İndoneziya, Vyetnam, Myanma, Kamboca və Çinin cənub vilayətlərində yetişir.

Ümumiyyətlə, ud ağacı (agar) artıq qiymətli materialdır, amma kinam xüsusi statusa malikdir. Bu, Yer üzündə ən bahalı ağacdır və onun nadirliyi yalnız çox qeyri-adi şəraitdə yaranması ilə bağlıdır.

Kinamı tapmaq niyə bu qədər çətindir?

Hər ud ağacı kinam olmur. Onun oduncağı yalnız müəyyən növ küf ilə yoluxduqda qiymət qazanır.

Adi halda ud ağacının taxtası açıq rəngli və demək olar ki, qoxusuz olur. Amma P. parasitika göbələyi ona sirayət etdikdə ağac özünü müdafiə etmək üçün qatran istehsal etməyə başlayır. Bu qatran gövdəni hopdurur, oduncağı bərkidir və mürəkkəb, incə bir ətir saçır. Bu proses on illərlə davam edə bilər. Yoluxmuş ağac nə qədər yaşlı olarsa, qoxusu bir o qədər güclü, dəyəri isə bir o qədər yüksək olar. Məhz buna görə də kinam çox bahadır, onu tapmaq demək olar ki, mümkünsüzdür və hansı ağacın “müqəddəs qatran” daşıyıcısı olacağını əvvəlcədən bilmək olmur.


Ətir ustalarının arzusu, dinin xəzinəsi kinamın ətri heç nə ilə səhv salına bilməz. Onun tərkibində eyni vaxtda çiçək, meyvə, qatran, müşk, vanil və hətta kəhrəba notları duyulur. Bu, təbiətin yaratdığı, hələ süni şəkildə təkrarlana bilməmiş təbii ətir konsentratıdır.

• Buna görə də kinam aparıcı kosmetika şirkətləri və niş ətir istehsalçıları tərəfindən axtarılır.

• Ancaq yalnız onlar yox. Buddist və hindu məbədlərində də kinam əsrlərdir tütsü kimi istifadə olunur. Onun tüstüsü ilahi olana yaxınlaşmaq vasitəsi hesab edilir.

• Maraqlı fakt: qatran hopmuş kiçik bir talaş parçasını yandırdıqda ağacın qoxusu tam gücü ilə üzə çıxır.


Kinam ovçuluğu

XX əsrdə məlum olub ki, yoluxmuş ud ağacının qiyməti qızıldan da baha ola bilər. Bundan sonra Cənub-Şərqi Asiyada ağac ovçuluğu başlayıb. Nadir nümunə tapmaq ümidi ilə minlərlə ağac kəsilib. Beləcə “kinam qara bazarı” yaranıb.

Sonralar fermerlər ud ağacını tarlalarda yetişdirməyi və süni şəkildə göbələklə yoluxdurmağı öyrəniblər. Amma bir problem var ki, plantasiyalardan alınan odun daha ucuzdur, çünki bir neçə ildən sonra kəsilə bilir. Halbuki təbii şəraitdə kinam yüzillər ərzində formalaşır və yalnız belə ağaclar o xüsusi, incə qoxunu verir.

Kinamın qiyməti nə qədərdir?

Qiymətlər heyrətamizdir. Cəmi 10 qram üçün təxminən 100 min dollar əldə etmək olar. Şanxayda bir vaxtlar 2 kiloqram kinam odunu 18 milyon dollara satılıb. Yəni alıcıya hər kiloqramı 9 milyon dollara başa gəlib. Başqa bir halda 600 illik, 16 kiloqramlıq kinama görə 20 milyon dollar ödənilib. Kambocadakı Wat Bang Kradan məbədində isə ən nadir nümunələrdən biri hələ də qorunur. Onu yalnız rahiblər yox, həm də ordu mühafizə edir – o qədər dəyərlidir. Rəvayətə görə, yapon iş adamları məbədə bir ağac üçün 23 milyon dollar təklif ediblər, amma məbədin rəhbəri imtina edib.

Kinam niyə qızıldan bahalıdır?

Qızılı dəfələrlə mədənlərdən çıxarmaq olar. Amma kinam yalnız xəstəlik və zamanın yaratdığı unikal bir təbiət möcüzəsidir. Onu 1-2 ilə “böyütmək” mümkün deyil. Bəzən formalaşması yüz illər çəkir.

Bu, bir növ sehrdir. Kinam nadirliyin, lüksün və müqəddəs dəyərin simvoludur. O, təbiəti, mənəviyyatı və insan tamahını birləşdirir. Bəlkə də onu dünyanın ən bahalı ağacına çevirən də məhz budur.


Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et