Diyarbakırın Ergani rayonunda yerləşən Çayönü təpəsində təxminən 9.500 il əvvələ aid xüsusi əhəmiyyət daşıyan bir ictimai tikili aşkar edilib.
1964-cü ildə başlayıb aralıqlarla günümüzə qədər davam edən qazıntılar son illərdə yenidən intensivləşdirilib. Çanakkale Onsekiz Mart Universiteti Muzeyşünaslıq kafedrasının müəllimi, dosent Savaş Sarıaltunun rəhbərliyi ilə aparılan işlər zamanı ərazinin şərq hissəsində mühüm bir kəşf edilib.
9.500 illik “Qırmızı döşəməli tikili”
Qazıntılar zamanı təxminən 900 kvadratmetrlik sahədə aparılan işlər nəticəsində xüsusi əhəmiyyət daşıyan ictimai bir tikili aşkarlanıb. Tikilinin ən diqqətçəkən xüsusiyyəti isə döşəməsində görünən boya və suvaq izləridir.
Tikilinin təxminən 9.500 il əvvələ aid olduğunu düşündüklərini bildirən dosent Savaş Sarıaltun deyib:“Bu tikilinin ən azı iki mərhələsi var və təxminən 150–200 il ərzində istifadə olunub. Döşəmənin dörd dəfə yenidən boyandığını bilirik. Bu quruluş Çayönündəki digər yaşayış evləri və sığınacaqlardan fərqli olaraq ictimai xarakter daşıyır. O, həm toplantıların keçirildiyi, həm də ümumi tədbirlər üçün istifadə olunan bir məkan ola bilərdi. Hətta ritual məqsədlərlə də işlədilməsi mümkündür".
Döşəməsindəki boya səbəbindən digər tikililərdən fərqlənən bu kəşf, qazıntı heyəti tərəfindən “Qırmızı döşəməli tikili” adlandırılıb. Boyada qırmızının müxtəlif çalarlarından istifadə edildiyi, döşəmənin isə bölgədə tapılan aşı boyası (dəmir filizindən əldə edilən təbii piqmentlər) və ya qırmızı rəngli gil materiallarla boyanmış ola biləcəyi düşünülür.
Tikilinin e.ə. 7600–7500-cü illərə, yəni günümüzdən 9.500 il əvvələ aid olması, onu yalnız memarlıq baxımından deyil, həm də Neolit dövrünün həyat tərzini anlamaq üçün mühüm edir. Bu tapıntı insanların ortaq məkanlar inşa edərək ictimai həyatlarını necə təşkil etdiklərini, icmaların bir araya gəlmə formalarını və ritual təcrübələrini anlamaq üçün yeni bir imkan yaradır.
Mənbə: Arkeofili
Tərcümə etdi: Aytac Musayeva
