Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatına istinad edərək 24media.az bildirir ki, Azərbaycan bəstəkarlıq məktəbinin banisi, görkəmli sənətkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə incəsənət təhsilində çalışan müəllimlərin əməyini qiymətləndirmək və stimullaşdırmaq məqsədilə yeni mükafat təsis olunub.

Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə layihəsi çərçivəsində keçiriləcək “Üzeyir Hacıbəyli Mükafatı” musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyətdə fərqlənən müəllimlərə təqdim ediləcək.
Layihəyə əsasən, ümumilikdə 25 müəllim müxtəlif sahələr üzrə mükafatlandırılacaq. Namizədlərin seçimi iki mərhələdə aparılacaq: əvvəlcə təqdim edilən sənədlər ekspertiza ediləcək, daha sonra isə namizədlər ixtisasları üzrə açıq dərs təqdim edəcəklər.
Namizədlərin fəaliyyətini Ekspert Komissiyası qiymətləndirəcək, mübahisəli hallara isə Apellyasiya Komissiyası baxacaq. Yekunda ən yüksək nəticə göstərən 25 müəllim “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görüləcək.
Rəna Qarayeva
