Çin səddi haqqında çox insan müəyyən təsəvvürlərə sahibdir, amma onların bir çoxu həqiqəti əks etdirmir. Çin səddi Çin mədəniyyətinin ən tanınmış simvollarından biridir. Lakin onunla bağlı məşhur fikirlərin bəziləri sadəcə əfsanədir. Gəlin, bu yanlış təsəvvürlərin hansılar olduğunu araşdıraq və gerçəkləri öyrənək.
Əfsanə 1: Çin səddi kosmosdan görünür.
Çin səddinin kosmosdan görünə bildiyi iddiası çox yayılıb. Bu fikir o qədər populyardır ki, kitablar, filmlər, televiziya verilişləri və hətta dərsliklərdə belə rast gəlinir. Hətta “ Təəccüblü həqiqətlər” kitab seriyası bu əfsanəni məşhur edib. Bəzi sənədli filmlərdə və materiallarda (məsələn, Apollon uçuşları ilə bağlı) səddin Ay səthindən belə görünə bildiyi iddia olunub.
Amma doğrudanmı belədir?
Səddin eni cəmi 4–5 metr, hündürlüyü isə 6–7 metrdir. Bu ölçülər kosmosdan çılpaq gözlə görmək üçün kifayət deyil. Onu kosmosdan seyr etmək ancaq güclü teleskop vasitəsilə mümkündür.
Əfsanə 2: Çin səddi tək bir quruluşdur.
Bir çoxları Çin səddini ölkəni əhatə edən vahid, kəsilməz bir divar kimi təsəvvür edir. Əslində isə o, müxtəlif dövrlərdə tikilmiş bir çox hissədən ibarətdir. Məsələn, ən qədim hissələr eramızdan əvvəl VII əsrdə, ən son hissələr isə Min sülaləsi dövründə (XIV–XVII əsrlərdə) inşa edilib. Bu hissələrin bəziləri bir-birinə bağlansa da, heç də həmişə bütöv bir xətt yaratmayıb. Bəzi bölmələr bir-birindən çox uzaqdır və quruluş baxımından fərqlənir.
Əfsanə 3: Çin səddi bu günədək tam qorunub saxlanılıb.
Əgər səddi bütöv, mükəmməl qorunmuş bir abidə kimi təsəvvür edirsinizsə, yanılırsınız. Onun böyük hissəsi dağılıb və ya olduqca bərbad vəziyyətdədir. Təbiət, zaman və insan fəaliyyəti öz işini görüb: bəzi yerlər otlarla örtülüb, bəziləri isə zəlzələlər və eroziya səbəbindən uçub. Hazırda yalnız Badalin və Mutyanyu kimi turistlər üçün bərpa olunmuş sahələr yaxşı vəziyyətdədir.
Əfsanə 4: Çin səddi keçilməz müdafiə idi.
Çoxları hesab edir ki, Çin səddi işğalçılara qarşı mükəmməl bir sipər olub. Lakin tarix bunun tam əksini göstərir. Məsələn, Çingiz xanın ordusu səddi aşa bilib, sonradan isə Mançular divarın mövcudluğuna baxmayaraq, bütün Çini ələ keçiriblər. Səddin əsas funksiyası daha çox psixoloji təsir olub: imperiyanın gücünü nümayiş etdirir və kiçik hücumların qarşısını alıb.
Əfsanə 5: “Çin səddi” adı
Çinlilər bu quruluşu sadəcə “Çanqçenq” (长城) – “Uzun divar” adlandırıblar. Çində bu ad sadəcə praktik funksiyasını – dağlar, düzənliklər və səhralar boyunca uzanan müdafiə istehkamını ifadə edib. Batılı səyahətçilər isə onun miqyası və möhtəşəmliyindən heyran qalıb, onu “möcüzə” kimi təsvir ediblər. Beləcə, “Çin səddi” ifadəsi qərb dünyasında formalaşıb və Çin sivilizasiyasının böyüklüyünü simvolizə edən bir anlayışa çevrilib.

Əfsanə 6: Çin səddində bir milyon insan basdırılıb.
Bəzən Çin səddi “dünyanın ən böyük qəbiristanlığı” adlandırılır. Doğrudur, inşaat zamanı yüz minlərlə işçi ağır şərait, aclıq və xəstəlik səbəbindən həyatını itirib. Təxminlərə görə, onların sayı bir milyona yaxın olub. Ancaq insanların kütləvi şəkildə divarın içinə basdırıldığına dair etibarlı dəlil yoxdur. Çox güman ki, işçilər yaxınlıqdakı yerlərdə dəfn olunub. “Divarın içindəki məzarlıq” hekayəsi daha çox romantikləşdirilmiş təsəvvürdür. Bununla belə, arxeoloqlar bəzi bölgələrdə insan qalıqlarına rast gəlib.
Bu əfsanə emosional təsirinə görə hələ də yaşayır. Çünki biz nəhəng tikililərin miqyasını anlamaq üçün onları faciəli hekayələrlə bağlamağa meyilliyik.
Meng Jianqu əfsanəsi: göz yaşlarının divarı yıxdığı an.
Çin folklorunda ən məşhur hekayələrdən biri Meng Jianqu əfsanəsidir. Sadə kəndli olan ərini Çin səddinin tikintisinə aparırlar və o, ağır iş şəraitində həyatını itirir. Gənc qadın ərini axtarmaq üçün divara gedir. Dərdi o qədər böyük olur ki, göz yaşları sel kimi axaraq divarın bir hissəsini uçurur və ərinin qalıqlarını üzə çıxarır.
Bu hekayə yalnız bir qadının şəxsi faciəsi deyil, həm də bütün inşaatçıların çəkdiyi əzabların simvoludur.
Əfsanə 7: Çin səddinə səyahət hər yerdə eynidir.
Çin səddinin hər hissəsi fərqli xüsusiyyətlərə malikdir. Bəziləri tamamilə bərpa olunub və turistlər üçün hazırlanıb (Badalin, Mutyanyu), digərləri isə yarı dağıntılar halında tarixi ab-havanı qoruyur (Jinşanlinq, Gubeykou). Bəzi hissələr romantik mənzərələr və gecə gəzintiləri ilə seçilir (Simatay), digərləri isə təbiət gözəllikləri ilə (Huanhuaçenq).
Seçimdən asılı olaraq səyahət təcrübəsi tamamilə fərqli ola bilər.
Əfsanə 7: Çin səddinə səyahət sadəcə bir gəzinti deyil və haradan başlamağınız önəmlidir.
Çin səddinə səfər etməyi düşündükdə, çox vaxt onun istənilən hissəsindən ziyarət edilə biləcəyini və alınan təəssüratların eyni olacağını düşünürlər. Bu isə yanlış təsəvvürdür. Əslində, Çin Səddi müxtəlif xüsusiyyətlərə, tarixə və əlçatanlıq səviyyəsinə malik bir çox hissədən ibarətdir. Hansı bölməni seçəcəyiniz, alacağınız təəssürat və duyğulara birbaşa təsir göstərir. Gəlin, bu əfsanəni dağıdaq və sizin üçün ən uyğun marşrutu necə seçə biləcəyinizi izah edək.

Niyə seçim vacibdir?
Çin səddi vahid bir xətt yox, dağlar, düzənliklər və səhralar boyunca uzanan bütöv bir müdafiə sistemidir. Onun müxtəlif sahələri vəziyyətinə, infrastrukturuna və landşaftına görə fərqlənir. Bəzi hissələr tam bərpa olunub və turistlər üçün nəzərdə tutulub, digərləri isə yarı dağıdılmış şəkildə tarixi ab-havanı qoruyub saxlayır. Buna görə də seçim sizin istəyinizdən asılıdır: rahat gəzinti, həyəcanlı yürüş, yoxsa səssiz qalıqları kəşf etmək.
1. Badalin
Pekindən cəmi 70 km aralıda yerləşən ən məşhur və bərpa olunmuş hissədir. Burada hər şey turistlərin rahatlığı üçün qurulub: enli pilləkənlər, asma yollar, kafelər və suvenir dükanları.
• Niyə əfsanədir? Çoxları düşünür ki, burası “həqiqi” divarı görə biləcəyiniz yerdir. Amma əslində, Badalin daha çox tarixi məkandan çox, turistlər üçün hazırlanmış parkı xatırladır.
• Kimlər üçün uyğundur? Çinə ilk dəfə gələnlər və əlavə çətinliklər olmadan ölkənin simvolunu görmək istəyənlər üçün.
2. Mutyanyu
Badalindən daha az izdihamlıdır, lakin yaxşı qorunub saxlanılıb və möhtəşəm mənzərələrə malikdir. Pekinə yaxın (təqribən 90 km) yerləşir. Burada qalxmaq üçün müxtəlif yollar var: piyada, asma yol və ya kanat yolu.
• Niyə əfsanədir? Çoxları bütün hissələrin eyni dərəcədə gözəl olduğunu düşünür. Amma Mutyanyu xüsusilə yaz və payızda ətrafdakı meşələr səbəbindən çox təsirli görünür.
• Kimlər üçün uyğundur? Ailələr, foto həvəskarları və izdihamdan qaçmaq istəyənlər üçün.

3. Cinşanlinq (Jinshanling)
Dağlar arasında yerləşən yarı dağıdılmış hissədir. Burada həm bərpa olunmuş, həm də uçmuş sahələri görə bilərsiniz ki, bu da unikal bir kontrast yaradır.
• Niyə əfsanədir? Çox turist divarın yalnız gözəl olduğunu düşünür, amma Cinşanlinq onun tarixi və real görkəmini nümayiş etdirir.
• Kimlər üçün uyğundur? Aktiv səyahətçilər, fotoqraflar və divarın daha orijinal tərəfini görmək istəyənlər üçün.
4. Simatay (Simatai)
Divarın gecə ziyarət üçün açıq olan yeganə hissəsidir. Burada ulduzlu səma fonunda işıq saçan fənərləri görmək mümkündür – unudulmaz bir mənzərədir.
• Niyə əfsanədir? Çoxları divarda gecə gəzintisini ekzotik hesab edir, amma Simatay bu təcrübəni yaşaya biləcəyiniz yeganə hissədir.
• Kimlər üçün uyğundur? Romantiklər, gecə gəzintilərini sevənlər və fərqli təcrübə axtaranlar üçün.
5. Gubeykou (Gubeikou)
Demək olar ki, tamamilə tərk olunmuş və bərpa edilməmiş sahədir. Burada divarı orijinal halında görə bilərsiniz, amma çətinliklərə hazır olmalısınız.
• Niyə əfsanədir? Çoxları divarın həmişə fotolardakı kimi mükəmməl göründüyünü düşünür. Gubeykou isə onun ot basmış, yarı dağıdılmış və zamanla köhnəlmiş gerçək vəziyyətini göstərir.
• Kimlər üçün uyğundur? Turist izdihamı olmadan divarı görmək istəyən təcrübəli səyahətçilər üçün.
6. Huanhuaçenq (Huanghuacheng)
Bu hissə özünəməxsusluğu ilə seçilir: divarın bir qismi su anbarının içindən keçir. Xüsusilə yazda, sarı çiçəklər açanda çox gözəl mənzərə yaradır. Adı da buradan gəlir – “Sarı çiçəklərin divarı”.
• Niyə əfsanədir? Çox az adam divarın həm suyu, həm də daşı birləşdirərək belə unikal mənzərələr yaratdığını bilir.
• Kimlər üçün uyğundur? Təbiəti sevənlər və qeyri-adi təcrübə axtaranlar üçün.
Çin səddinin hər bir hissəsi özünəməxsusdur və fərqli təcrübələr təqdim edir. Əsas məsələ odur ki, sizə daha yaxın olanı seçəsiniz – rahatlıq, təbiət, tarix, yoxsa macəra. Amma hansı sahəni seçməyinizdən asılı olmayaraq, bir şey dəqiqdir: Çin səddi qəlbinizdə silinməz iz buraxacaq.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
