Azərbaycan Respublikası Elm və Təhsil Nazirliynin məlumatına əsasən 24media.az istinad edir ki, 24-25 sentyabr 2025-ci ildə paytaxtımız “THE Eurasia Universities Summit 2025”ə ev sahibliyi edəcək. “Times Higher Education” beynəlxalq reytinq agentliyinin təşkil etdiyi sammit “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub.
Tədbirdə 20-dən çox ölkədən 300-dən artıq nümayəndə, o cümlədən 150-dən çox ali təhsil müəssisəsinin rəhbərləri və ekspertlər iştirak edəcək. Sammit çərçivəsində qlobal tədqiqat əməkdaşlıqları, Avrasiya universitetlərinin sosial-iqtisadi inkişafa töhfəsi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri müzakirə olunacaq.
Panel və sessiyalarda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko, THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Beyti, eləcə də bir sıra yerli və xarici universitet rəhbərləri çıxış edəcəklər.
Sammit Avrasiya universitetlərinin əməkdaşlıq imkanlarını nümayiş etdirmək, yeni tərəfdaşlıqlar qurmaq və regionun elm-təhsil potensialını beynəlxalq arenada tanıtmaq üçün mühüm platforma olacaq.
Rəna Qarayeva
