Türkiyədə qəbiristanlıqlarda texnoloji transformasiya gedir. İndi bəzi məzar daşlarına əlavə edilən QR kodları sayəsində ziyarətçilər mərhumun fotosuna, tərcümeyi-halına və rəqəmsal xatirələrinə daxil olmaq üçün bu kodları telefonlarının kamerası ilə skan edə bilirlər.

Qr kodlu məzar daşları nədir?
Bu yeni tətbiq ilə mərhumun ailəsi və ya yaxınları tərəfindən yüklənmiş şəkillər və məzmun rəqəmsal saxlanılır. Daha sonra məzar daşına əlavə edilmiş QR kodu vasitəsilə bu məzmunlara asanlıqla daxil olmaq olar.
Bu, təkcə qəbiristanlığı ziyarət edənlərə deyil, başqa şəhərlərdən gələn ailə üzvlərinə və ya dostlarına da telefonları ilə xatirələri yaşatmağa imkan verir.
Xatirələri canlı saxlamağın yeni yolu
QR kodlu məzar daşları ənənəvi məzar daşlarında olan ad, doğum və ölüm tarixlərindən kənara çıxır. Bu texnologiya ilə ziyarətçilər aşağıdakılara daxil ola bilərlər:
Foto qalereya
Qısa tərcümeyi-hal
Yaddaş videoları
Sevdikləri tərəfindən yazılmış mesajlar
Xüsusilə gənclər arasında məşhur olan bu proqram rəqəmsal yaddaş kitabı kimi fəaliyyət göstərir.
Vətəndaşların fikirləri fərqlidir
Hər bir yenilikdə olduğu kimi, bu tətbiq də cəmiyyətdə qarışıq reaksiyalarla qarşılanıb.
Onu müsbət qarşılayanlar xatirələrin qorunması, itirilmişləri daha şəxsi şəkildə yad etmək və gələcək nəsillərə ötürmək baxımından dəyərli hesab edirlər.
Amma tənqidçilər qəbiristanlıqların ənənəvi quruluşunun pozula biləcəyini və texnologiyanın mənəvi atmosferə mənfi təsir göstərə biləcəyini iddia edirlər.
Ekspertlər isə bildirirlər ki, rəqəmsallaşma həyatın hər sahəsinə nüfuz edib və bu cür tətbiqlərin qarşıdakı illərdə daha da geniş yayılacağı gözlənilir.
Rəqəmsal məzar daşları gələcəkdə nə təklif edəcək?
Texnologiya mütəxəssislərinə görə, QR kodlu məzar daşları yaxın illərdə daha da təkmilləşə bilər. Hətta virtual reallıq əsaslı yaddaş mübadiləsi, səs yazıları, 3D memorial arxivlər kimi texnologiyaların bu sistemə əlavə olunması mümkündür.
Ənənədən rəqəmsallığa bir addım
Türkiyədə başlayan QR kodlu məzar daşı tətbiqi ənənəvi anma mədəniyyəti ilə müasir texnologiyanı birləşdirir. Mübahisəli olsa da, yaxınlarını itirmiş ailələr üçün rəqəmsal xatirələri qorumaq və gələcək nəsillərə ötürmək baxımından mühüm fürsət təqdim edir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
