Bu gün:

Mingəçevir Dövlət Universitetinin yüksək ballı tələbələri ilə müsahibə


24media.az Mingəçevir Dövlət Universitetini seçən yüksək ballı tələbələrdən müsahibə götürüb. Onlar MDU-nu seçməkləri, gözləntiləri və gələcək planları haqqında danışıblar. 

576 balla MDU-nun tarix müəllimliyi ixtisasını seçən Məmmədova Şəbnəm Haqverdi qızı deyir ki, bu univeristeti seçməsinin əsas səbəbi tələbələrin inkişafı üçün yaradılan geniş imkanlar olub:

Gələcəkdə peşəkar müəllim kimi fəaliyyət göstərmək üçün MDU mənim üçün ideal seçim idi. İmtahana hazırlaşdığım müddətdə universitetlər barədə araşdırma aparırdım. MDU haqqında araşdırma aparan zaman tələbələrə, xüsusilə yeni tələbələrə necə müsbət imkanlar yaradıldığını gördüm, bir universitet olaraq gözləntilərimi qarşılayırdı. Bundan əlavə, MDU-nun bir neçə iclasında iştirak etmək şansım olub. Həmçinin tələbələrin xaricə göndərilməsi prosesləri, onların inkişafı üçün yaradılan şərait məni daha da ruhlandırdı. Tanıdığım yaxın insanlar da MDU-nu seçdikləri zaman məmnun olduqlarını deyirdilər. Bu universitet onların da istəklərini qarşılayırdı. Düşünürəm ki, Mingəçevir Dövlət Universiteti təhsil almaqla yanaşı, bizim peşəkar kadr kimi yetişməyimizdə çox böyük rol oynayacaq. Tələbələri müxtəlif layihələrə, sahələrə yönləndirir və məncə, bu bir tələbə üçün ən əsas məsələlərdən biridir. Bundan başqa, universitet ingilis dili bacarıqlarımızı inkişaf etdirməyimizdə bizə xüsusi dəstək olacaq. Çünki hazırda MDU Kembric Universiteti ilə əməkdaşlıq edir və bu, tələbələrin xarici dili mənimsəmələri üçün atılmış böyük addımdır. Gələcəkdə peşəkar müəllim kimi fəaliyyətimi təhsil aldığım universitetdə davam etdirmək istəyirəm. Bununla yanaşı, xaricdə həm vətənimizi, həm də universitetimizi layiqincə təmsil etmək də məqsədlərim sırasındadır.

517.7 balla MDU-nun tarix müəllimliyi ixtisasını seçən Məmmədova Həcər Teyyub qızının seçiminin əsas səbəbi gələcəkdə bu universitetdə qalıb müəllim kimi fəaliyyət göstərməkdir: 

Bu universiteti seçməyimin bir çox səbəbi var. Əsas səbəb isə yaşadığım şəhərdə yerləşməsidir. İmtahandan əvvəl MDU-nun müxtəlif ixtisaslar üzrə kadr hazırlığını həyata keçirdiyini və tələbələr üçün təqaüd, təcrübə imkanlarının yaratdığını bilirdim. Burada müxtəlif tələbə klubları, layihələr, könüllülük fəaliyyətləri və ictimai tədbirlər davamlı inkişaf edir. Bütün bunlar tələbələrin hərtərəfli formalaşmasında böyük rol oynayır. Gələcəkdə də təhsilimi yüksək nəticələrlə bitirdikdən sonra magistraturaya qəbul olub Mingəçevir Dövlət Universitetində savadlı müəllim kimi fəaliyyət göstərmək istəyirəm.

505.8 bal toplayaraq Mingəçevir Dövlət Universitetinin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olan Abdullayeva Nurgül Mais qızının seçiminə təsir edən əsas amillərdən biri universitetin beynəlxalq əlaqələrini genişləndirməsi olub:

Mingəçevir Dövlət Universitetini seçməyim təsadüfi deyil. O, regionumuzda keyfiyyətli təhsil verən ali məktəb olmaqla yanaşı, ailəmə yaxın olaraq təhsil almaq imkanı yaradır. Həmçinin universitetin tələbələrə yaratdığı şərait və imkanlar və müasir təhsil standartlarına cavab verməsi seçimimdə öz rolunu oynayan amillərdən oldu. İmtahandan əvvəl öyrənmişdim ki, MDU beynəlxalq əlaqələrini genişləndirir və müxtəlif universitetlərlə əməkdaşlıq edir. Tələbələrin xaricdə təcrübə qazanması, mübadilə proqramlarına qoşulması üçün imkanlar yaradır. Əlavə olaraq tələbə klubları və ictimai fəaliyyətləri barədə də məlumat almışdım. Universitetin müxtəlif sahələrdə fəaliyyət göstərən tələbə klubları və aparılan layihələr, həyata güclü addım atmaq istəyən bir tələbə üçün çoxşaxəli inkişaf təqdim edir. Burada öz nitq bacarıqlamızı, komanda ilə işləmə vərdişlərimizi və ən əsası xarici dil biliklərimizi inkişaf etdirə bilərik. Gələcəkdə MDU tələbəsi olaraq ixtisasımda peşəkarlaşacağıma, həmçinin fəal tələbə həyatı keçirərək bir çox layihə və tədbirlərdə iştirak edib uğur qazanacağıma və bu uğurlarla universitetin adına əlavə dəyər qatacağıma inanıram.

539.2 balla MDU-nun riyaziyyat müəllimliyi ixtisasına qəbul olan Əliyeva Leyla Bəhruz qızı bu universitetin savadlı müəllim kimi yetişməsində yaxşı seçim olduğunu bildirib:

Mingəçevir şəhəri 12 nömrəli tam orta məktəbin məzunuyam. İlk olaraq üzərimdə əziyyəti olan müəllimlərimə və ailəmə minnətdaram. Mənim uşaqlıqdan arzum riyaziyyat müəllimi olmaq olub. Amma tam istedadlı bir müəllim kimi yetişmək üçün uyğun bir universitet seçməli idim. Bu haqda  çox araşdırırdım və nəticədə Mingəçevir Dövlət Universitetini seçdim. Mənim fikrimcə, bu univeristetdə olan tədbirlər, dərslər məni daha da irəli aparacaq. İnanıram ki, biliklərimi inkişaf etdirərək savadlı müəllim kimi yetişəcəm. Bundan sonrakı hədəfim də Mingəçevir Dövlət Universitetinin kadrlarından biri olmaq olacaq.

638.8 bal toplayaraq universitetin ingilis dili ixtisasına qəbul olan Şəbnəm Şirinova deyir ki, MDU-nun Kembric Universiteti ilə əməkdaşlıq etməsi, beynəlxalq əlaqələrini genişləndirməsi onun seçiminin əsas səbəblərindən biri olub: 

Mingəçevir şəhər N.Nərimanov adına 1N⁰ tam orta ümumtəhsil məktəbinin məzunuyam. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 638.8 bal toplamışam. Mingəçevir Dövlət Universitetinin mənim inkişafım üçün yeni imkanlar yaradacağını düşündüm. Mənim böyük bacım MDU-nun məzunudur. Buna görə də universitet haqqında xeyli məlumatım var. Mingəçevir Dövlət Universitetinin yaratdığı imkanlardan biri olan Kembric Universitetinin standartlarına uyğun təhsil proqramı əsasında dil imkanlarımın və pedaqoji təcrübəmin genişlənəcəyini düşünürəm. Gələcəkdə ixtisasım üzrə savadlı mütəxəssis olaraq universitetimi tanıdacağımı düşünürəm. Mənim ingilis dili müəllimliyinə olan marağım məktəbdə bu fənni tədris edən müəllimi sevməyimlə başladı və tədricən dilə olan marağım daha da artdı. Məhz buna görə buraxılış imtahanında ingilis dili fənni üzrə göstəricim 97 bal oldu. Bundan sonra əsas məqsədim ingilis dilində sərbəst şəkildə danışmaq və incəliklərini öyrənməkdir.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et