Rusiyanın Ukraynanın Donetsk bölgəsinə endirdiyi hücum nəticəsində ən azı 21 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Ukrayna Donetsk Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin açıqlamasında bildirib ki, Rusiya Donetskin Yarova kəndinə hücum edib. Onun sözlərinə görə, yerli vaxtla saat 12:30 radələrində baş verən hücum nəticəsində ən azı 21 nəfər həlak olub, çox sayda insan isə yaralanıb.
Filaşkin qeyd edib ki, “Ruslar pensiya almaq üçün növbədə duran mülki şəxsləri hədəfə alıblar. Bu müharibə deyil, birbaşa terror aktıdır”.
O, hadisə yerinə təcili yardım qruplarının göndərildiyini, yaralılara tibbi yardım göstərildiyini və hücumun törətdiyi dağıntılarla bağlı hesabat hazırlandığını vurğulayıb.
Zelenski: “ABŞ, Avropa və G20 cavab verməlidir”
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədəki açıqlamasında Rusiyanın hücumunu pisləyib və beynəlxalq ictimaiyyəti cavab tədbirləri görməyə çağırıb.
Zelenski bildirib: “Rusiyanın amansız hava hücumunda birbaşa mülki şəxslər hədəfə alınıb. Söz tapmaq çətindir. Həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Rusiyanın bu hücumları cavabsız qalmamalıdır, lazımi reaksiya göstərilməlidir. Rusiya yeni sanksiyalar və güclü zərbələrlə üzləşmədikcə insanların həyatını yerlə-yeksan etməyə davam edəcək. Dünya buna laqeyd qalmamalıdır. ABŞ, Avropa və G20 cavab verməlidir. Rusiyanın səbəb olduğu ölümlərin qarşısını almaq üçün güclü addımlar atılmalıdır”.
Yarova kəndi cəbhə xəttinə 9 kilometr məsafədədir
Rusiyanın hədəf aldığı Yarova kəndi Ukraynanın Slavyansk şəhərindən təxminən 20 kilometr, Ukrayna ilə Rusiya arasındakı cəbhə xəttindən isə cəmi 9 kilometr uzaqlıqda yerləşir.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
