Bu gün:

Saqalassosda Ay tanrısı Men və Hermesin heykəli tapılıb


Burdurun Ağlasun rayonunda yerləşən Sagalassos Antik şəhərində Sfenks-tanrı Tutu təsviri, Ay tanrısı Men və Hermesin heykəli aşkar edilib.

Son qazıntılar zamanı sfenks-tanrı Tutu fiquru və biri Ay tanrısı Menə, digəri isə Hermese aid olmaqla, iki ədəd insan boyunda mərmər heykəl tapılıb. 2029-cu ilə qədər planlaşdırılan Sagalassos qazıntı proqramı çərçivəsində Agora Gimnaziyasının bərpası, həmçinin Cənub-Şərq küçəsi və həmin küçənin kənarında yerləşən küçə çeşməsinin anastiloz işlərinin aparılması nəzərdə tutulur.

2024-cü ildə Gimnaziumun qərb portikunda ilkin bərpa işləri tamamlanıb. Küçə çeşməsində isə qazıntılar davam etdirilərək çökmüş memarlıq hissələri sənədləşdirilib. Bu işlərin yekunlaşması ilə ziyarətçilər artıq antik şəhərin orijinal yolları ilə hərəkət edərək Yuxarı Agoraya çatmaq imkanı əldə edəcəklər.

Ay tanrısı Men və Hermesin heykəli

Digər mühüm kəşf isə Cənub-Şərq küçəsinin Yuxarı Agoraya çıxan kəsişməsində yerləşən bir çeşmədə aparılan son qazıntılar zamanı əldə edilib. Burada biri Ay tanrısı Menə, digəri isə Hermese aid olmaqla, iki ədəd insan boyunda mərmər heykəl tapılıb.

Çeşmənin önündə yerləşən Men heykəli, çiyinlərinin arxasındakı hilal, tunik, şalvar, pelerin və Frig başlığı kimi şərqə məxsus geyimləri ilə Anadolu’nun ay tanrısını təsvir edir. Üslub analizi bu əsəri eramızın II əsrinin ortalarına və ya sonlarına aid edir və Sagalassos Menini bu tanrının günümüzə gəlib çatmış ən qədim tam ölçülü mərmər təsviri kimi göstərir. Yüksək keyfiyyətli Dokimeion emalatxanasında hazırlanması və şəhərin mühüm bir çeşməsində sərgilənməsi isə heykəlin dini, estetik və ictimai əhəmiyyətini vurğulayır.

İdmançıların və gənclərin qoruyucusu sayılan Hermes heykəli isə çeşmənin arxasında yerləşən Gimnaziumda, yəni şəhərin təhsil mərkəzində tapılıb. Çeşmənin yaxınlığındakı Hermes heykəli sol qoluna və çiyninə atılmış xlamidadan başqa, çılpaq şəkildə təsvir olunub. Səthində xristianlıq dövründə edilmiş dəyişikliklər görünsə də, onun duruşu, proporsiyaları və paltarın qatları əsəri eramızın II əsrinin ortalarına və ya sonlarına aid edir və onu Perge, Korinf, Side və Baiae-dəki oxşar nümunələrlə əlaqələndirir.

Men və Hermes heykəlləri birlikdə həm yerli mədəni ənənələri, həm də daha geniş Qreko-Roma heykəl üslublarının Sagalassosun şəhər və dini həyatına necə inteqrasiya olunduğunu əks etdirir.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et