Bu gün:

Məktəblilər üçün həm fiziki, həm də zehni istirahət


Mütəxəssislərdən şagirdlərə yay tətili təklifləri var.

Uşaq-Yeniyetmə Psixoloqu İrəm Bengü Yılmazcan bildirib ki, bayram günlərində fiziki və zehni olaraq dincəlmək enerji səviyyəsini yüksəldir, növbəti dərs dövrünə motivasiyanı artırır. Araşdırmalar göstərir ki, təcrübələr vasitəsilə öyrənmək həm zehni daha çox qidalandırır, həm də daha qalıcı olur. Xüsusilə, yay ayları uşaqlara yeni təcrübələr əldə etmək fürsəti verir. Uşaq fizika dərsində bir çox düsturlarla öyrənəcəyi tarazlıq anlayışını ağaca dırmaşaraq yaşayır və bu təcrübə zehnində qalıcıdır.

Yılmazcan uşaqların yaş qrupuna görə aşağıdakı təklifləri edib:

İbtidai sinif şagirdləri (6-11 yaş):

Oyunlar və fəaliyyətlər: Parklarda oynamaq, təbiətdə gəzintilər etmək, velosiped sürmək, üzgüçülük kimi fiziki fəaliyyətlər uşaqların enerjisini sərf etməsinə kömək edir.

Kitab oxumaq: Uşaqları kitab oxumağa həvəsləndirmək, kitabxanalara və ya kitab mağazalarına baş çəkmək və uşaqlara yeni kitablar seçmək imkanı vermək həm əyləncəli fəaliyyət yaradır, həm də onların oxu bacarıqlarını artırır.

Bədii fəaliyyətlər: İncəsənət qalereyalarına və muzeylərə getmək, rəsm çəkmək, yaradıcı yazı yazmaq, sənətkarlıq etmək və ya musiqi alətində ifa etmək  bacarıqlarını kəşf etməyə kömək edir.

Orta məktəb (12-14 yaş) şagirdləri:

Hobbiləri inkişaf etdirmək: Orta məktəb şagirdləri tətil dövründə hobbilərini inkişaf etdirmək üçün vaxt ayıra bilərlər.Onlar musiqi, idman, ədəbiyyat və rəsm kimi maraq dairələri üzrə seminarlarda iştirak edə bilərlər. Bundan əlavə, bu yaş qruplarında olan tələbələrin gündəlik tutma vərdişini qazanması faydalıdır.

Sosial fəaliyyətlər: Dostlarla vaxt keçirmək və sosial əlaqələri davam etdirmək orta məktəb şagirdləri üçün vacibdir. Onları film izləmək, piknik etmək, oyun oynamaq kimi ictimai fəaliyyətlərdə iştirak etməyə təşviq etmək olar.

Tədqiqat və kəşf: Tətil dövründə maraqlandıqları mövzularda araşdırma apara bilərlər. Elm mərkəzləri, muzeylər, sənət qalereyaları və ya təbiət əraziləri kimi yerləri ziyarət etmək şagirdlərin öyrənmə təcrübələrini zənginləşdirir.

Orta məktəb (15-18 yaş) şagirdləri:

Təcrübə və ya könüllü iş: Orta məktəb şagirdləri tətil dövründə təcrübə keçmək və ya könüllü işlərdə iştirak etmək imkanı əldə edə bilər. Bu onlara təcrübə qazanmağa və gələcək seçimlərini daha yaxşı etməyə imkan verir.

İmtahana hazırlıq: Onlar tətil dövründən gələcək imtahanlara hazırlaşmaq üçün istifadə edə bilərlər. Şagirdlər kollec qəbul imtahanları və ya digər imtahanlar üçün iş qrafiki yarada bilər.

Şəxsi inkişaf: Yeni bacarıqların öyrənilməsi, incəsənət, mədəniyyət və idman fəaliyyətlərində iştirak, liderlik bacarıqlarının təkmilləşdirilməsi kimi fəaliyyətlərin planlaşdırılması bu yaş qrupu üçün faydalı ola bilər.

Mənbə: Sabah.com.tr

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et