Orta əsrlərlə bağlı hekayə və rəvayətlərdə qəsrlərin içindəki sarmal pilləkənlərdən enən şahzadələr tez-tez təsvir olunur. Lakin tarixi reallıqda həmin pilləkənlər romantik üslubdan çox uzaq idi. Qalaların daxilində inşa edilən dar və saat əqrəbi istiqamətində fırlanan pilləkənlər əslində müdafiə məqsədi daşıyıb. Bu memarlıq detalı düşməni zəiflətmək, müdafiəçiyə üstünlük qazandırmaq və qalanı qorumaq üçün xüsusi olaraq nəzərdə tutulub. Zahirdə sadə görünən bu konstruksiya döyüşün taleyini dəyişə biləcək qədər strateji əhəmiyyət kəsb edib.

Qalalar ilk növbədə hərbi tikililər idi. Pilləkənlərin saat istiqamətində sarmal şəkildə düzəldilməsinin əsas səbəbi əksər hallarda sağ əlindən istifadə edən düşmən əsgərlərinə əlverişsiz şərait yaratmaq idi. Yuxarı qalxan hücumçular dar sahədə qılınc işlətməkdə çətinlik çəkirdilər, halbuki aşağıdan müdafiə olunan tərəf daha geniş mövqedə olduğundan rahatlıqla hücum edə bilirdi. Pilləkənin mərkəzi sütunu isə hücum edənlər üçün əlavə maneə rolunu oynayıb.
Pilləkənlərin başqa bir xüsusiyyəti isə həm dar, həm də qaranlıq və nizamsız olması idi. Addımların hündürlüyü bərabər qurulmurdu. Qalanın daimi sakinləri buna alışır, lakin döyüş şəraitində olan hücumçular tez-tez büdrəyir və yıxılırdılar. Bu da müdafiəçilərin işini asanlaşdırırdı.
Beləliklə, pilləkənlər düşməni yavaşladan təbii bir tələyə çevrilib.
Açıq ərazilərdə döyüşlər toplu şəkildə aparıla bildiyi halda, dar sarmal pilləkənlər buna imkan verməyib. Hücumçular yalnız bir-birinin ardınca irəliləyə bilirdilər. Müdafiəçilər isə yuxarıdan ox atmaq, nizə endirmək və ya qılınc işlətməklə düşməni tək-tək məğlub edirdilər. Nəticədə az sayda əsgər çoxsaylı hücumçuya qarşı üstünlük əldə edə bilib.
Müasir dövrdə sarmal pilləkənlər daha çox estetik məqsədlərlə və ya məkan qənaəti üçün istifadə olunur. Lakin orta əsrlərdə bu konstruksiyalar qalanı qoruyan əsgərlərin ən mühüm müdafiə vasitəsi sayılıb. Dar, qaranlıq, nizamsız və saat istiqamətində qurulan pilləkənlər həmin dövrün ən səmərəli hərbi-strateji həllərindən biri olub.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
