Bu gün:

Niyə zaman bəzən çox sürətli keçir, bəzən isə çox yavaş axır?


Əslində, zamanın bəzən sürətlə keçdiyini, bəzən isə yavaşladığını hiss etməyimiz beynimizdə möhkəm əsası olan bir illüziyadır. Zaman təcrübəmiz elastikdir: bəzi hallarda tez axır, bəzi hallarda isə ləngiyir. 

Zaman təcrübəmizin arxasında müəyyən psixoloji proseslər dayanır. Bu proseslərin demək olar ki, hər kəsdə eyni şəkildə özünü göstərən əsas izahları var. Onlardan biri zaman keçdikcə onun daha da sürətlə axdığı təəssüratıdır. Bu isə gündəlik rutinlərimizlə bağlıdır. Digər tərəfdən, yeni mühitlərə və təcrübələrə məruz qaldıqda zamanın daha yavaş keçdiyini hiss edirik. Çünki beyin rutin xaricində daha çox məlumat emal edir. Məsələn, ilk dəfə getdiyiniz yol sizə uzun görünəcək, amma geri dönərkən eyni yol daha qısa gələcək. Səbəb isə odur ki, gediş yolu sizin üçün yenidir və beyin onu rutinləşdirmək üçün çoxlu məlumatı emal edir, dönüş isə artıq tanış olduğundan qısa görünür.

Bu, həm də uşaqlıqda zamanın niyə daha yavaş keçdiyini, yaş artdıqca isə niyə sürətləndiyini izah edir. Uşaqlar üçün dünya yeni təcrübələr və təzə duyğularla doludur, ona görə də beyin daim yeni məlumat emal edir. Yaşlandıqca isə yeni təcrübələr azalır, ətrafımız daha tanış olur və həyat rutinləşir. Beləliklə, zaman sanki sürətlənir və günlərin bir-birinin ardınca sürətlə keçdiyi təəssüratı yaranır.

Deməli, rutinlər zamanın sürətlə keçdiyini hiss etdirməklə yanaşı, yeni mühitlərdə əksinə, zamanı uzadır. Çünki tanımadığımız mühitdə beynimiz daha diqqətli olur, daha çox məlumatı emal edir. Məsələn, xarici ölkəyə səfər edəndə hər şey yad görünür, daha çox diqqət ayırırıq və zaman daha uzun hiss olunur. Amma gündəlik vərdişlərimizə sadiq qaldıqda, zaman göz açıb-yumana qədər keçir.


Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et