Bu gün:

Viktoriya idilizmi ilə sosial realizmin qovşağında Lionel Smythe


“İncəsənətin inciləri” rubrikası Lionel Percy Smythe və onun sənət dünyasını təqdim edir.

Lionel Percy Smythe (1839–1918) 19-cu əsr incəsənətində həm pastoral poeziyanı, həm də sosial reallığın sərtliyini özündə birləşdirən nadir rəssamlardan olub. Onun yağlı boya və akvarellə yaratdığı əsərlər sadəcə mənzərə yox, insanın torpaqla mübarizəsini, gündəlik zəhmətin gözəllik və ağırlığını göstərib. Kənd həyatının poetik təsvirləri ilə sosial realizmin gizli mesajlarını birləşdirən Smythe həm idealizə edilmiş pastoral dünyaya, həm də cəmiyyətin reallıqlarına işarə edib.

O dövrdə İngiltərədə sosial realizm məktəbinin nümayəndələri kasıb məhəllələrin, həbsxanaların və küçələrin gerçək mənzərələrini çəkiblər. Smythe bu qədər kəskin mövzulara toxunmasa da, onun əsərlərində də həyatın sadə anlarının arxasında dərin sosial şərh duyulub. Van Qoqun bu sənətkarlara valeh olması təsadüfi olmayıb, o, məktublarında onların səmimiyyətini, azad və güclü ruhunu vurğulayıb. Rəssamın işlərində də eyni səmimiyyət var. Sadə kənd səhnələri bir anda sənət vasitəsi ilə düşüncəyə çevrilir.

Fransada keçirdiyi illər rəssamın sənətinə xüsusi rəng qatıb. Normandiyanın sahilləri onun əsərlərində həm poetik, həm də realist bir gözəlliyə çevrilib. Barbizon məktəbinin təbiətə bağlılığı ilə Pre-Rafaelizmə xas incəlikləri birləşdirən bu üslub impressionizmdən əvvəlki incəsənətin ən saf nümunələrindən biri kimi dəyərləndirilir.

Onun irsi göstərir ki, incəsənət yalnız gözəlliyi təsvir etmək üçün deyil. Onun fırçasında təbiət də, insan da həm estetik, həm də ictimai bir məna daşıyır. Bu, sənətin əbədi gücünü xatırladır: düşündürmək, hiss etdirmək və cəmiyyətin aynasına çevrilmək.


Hazırladı: Talehə Hüseynzadə 

Paylaş
Şərh əlavə et