Azərbaycan milli futbol komandası baş məşqçisi Fernando Santosla əməkdaşlığa son qoyulub. Bu qərar 2026 Dünya Çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçirilən oyunda alınan 5:0 hesablı məğlubiyyətdən sonra verilib.

AFFA-nın məlumatına görə, tərəflər müqaviləyə “qarşılıqlı razılaşma” əsasında xitam veriblər. Portuqaliyalı mütəxəssis 2024-cü ilin iyununda milli komandaya seçilmişdi. Onun rəhbərliyi altında Azərbaycan 11 oyunda meydana çıxıb, lakin qələbə qazana bilməyib və iki dəfə isə oyun heç-heçə ilə nəticələnib.
Hazırda əsas milliyə müvəqqəti olaraq U-21 yığmamızın baş məşqçisi Ayxan Abbasov rəhbərlik edəcək. O, komandanı Ukraynaya qarşı keçiriləcək növbəti oyuna hazırlayacaq.
Santosun gedişi Azərbaycan futbolu üçün dönüş nöqtəsi ola bilər. İdman ictimaiyyəti yeni baş məşqçinin kim olacağı və millinin qarşıdakı oyunlarda hansı nəticə göstərəcəyi ilə maraqlanır.
Hazırladı: Gülay Bədirli
