Bu gün:

İngiltərədə pəncərələrin kərpiclə bağlanmasının tarixi səbəbi


İngiltərənin küçələrində rast gəlinən kərpiclə hörülən pəncərələr sadəcə memarlıq detalı deyil, XVII əsrə aid maraqlı bir vergi siyasətinin nəticəsidir.

1696-cı ildə Kral III Villiam dövründə “pəncərə vergisi” tətbiq olunub. Vergi evdəki pəncərələrin sayına görə hesablanır, 10 və daha çox pəncərəsi olan evlərdən tutulub. Məqsəd, iqtisadi kəsirləri aradan qaldırmaq idi. Lakin qanundakı qeyri-müəyyənlik səbəbindən kiçik boşluqlar da pəncərə sayılır, bu isə bütün təbəqələrə, xüsusən də şəhər işçi sinfinə ciddi yük yaradıb.

Bəzi ev sahibləri vergidən yayınmaq üçün pəncərələri kərpiclə bağlayıb. 1766-cı ildən qaydalar daha da sərtləşdirilib və 7 pəncərədən yuxarı evlər də vergiyə cəlb edilib. Nəticədə, minlərlə evdə pəncərələr hörülüb və bu görüntü xalq arasında “Pitt’s Pictures” adlandırılıb.

Pəncərələrin bağlanması evləri havasız və qaranlıq vəziyyətə salıb, tifo və xolera kimi xəstəliklərin yayılmasına şərait yaradıb. Səhiyyə rəsmiləri dəfələrlə vergiyə etiraz edib. Nəhayət, 1851-ci ildə ictimai təzyiq nəticəsində pəncərə vergisi ləğv olunub və evlərdə pəncərələr yenidən açılıb.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et