Ukraynanın paytaxtı Kiyev müharibənin başlanmasından bəri ən güclü hava hücumu ilə sarsılıb. Rusiyanın həyata keçirdiyi hücumlarda 4 nəfər həyatını itirib, ilk dəfə olaraq hökumət binası hədəf alınıb.
Rusiya Ukrayna-Rusiya müharibəsinin ən sərt hücumlarından birini edərək Kiyevi hədəfə alıb. Ukrayna Prezidenti Volodimir Zelenski hücumlarda 800-dən çox pilotsuz uçuş aparatının (PUA) istifadə olunduğunu açıqlayıb. İlk dəfə hökumət binasının birbaşa vurulduğu hücumlarda 4 nəfər ölüb.
800-DƏN ÇOX PUA İSTİFADƏ OLUNUB
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında Rusiyanın hücumları ilə bağlı açıqlama yayıb.
O bildirib ki, Rus qüvvələrinin Kiyevə endirdiyi hava hücumunda 800-dən çox PUA, 4 ballistik raket və 9 qanadlı raketdən istifadə olunub.
4 ÖLÜ, 44 YARALI
Zelenskinin sözlərinə görə, hücumlarda 4 nəfər ölüb, 44 nəfər isə yaralanıb. Paytaxtda təcili yardım briqadalarının işləri davam edir.
Ukrayna Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatlarının böyük bir qisminin zərərsizləşdirildiyini, lakin 54 PUA ilə 9 raketin şəhərdəki hədəflərə düşdüyünü açıqlayıb.
ƏN GENİŞMİQYASLI HAVA HÜCUMU
Müharibənin başlanmasından bəri ən genişmiqyaslı hava hücumunda Rus qüvvələrinin ilk dəfə hökumət binasını vurduğu qeyd olunub.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
