Amerika Vogue jurnalının baş redaktoru vəzifəsinə Xloi Mall təyin edildikdən sonra onun sələfi Anna Vintur The New Yorker-ə geniş müsahibə verib. O, öz varisini müsbət tərəfdən xarakterizə edib.
Həmçinin jurnalı inkişafı, moda və “Şeytan Prada geyinir” filmi barədə fikirlərini bölüşüb.
Sizin diqqətinizə əfsanəvi moda redaktorunun bəzi fikirlərini təqdim edirik.
Xloi Mall haqqında
Amerika Vogue-un baş redaktoru postu üçün varisin kim olacağına qərar verməzdən əvvəl Anna Vintur bir çox “möhtəşəm namizədləri” nəzərdən keçirib. Amma hər dəfə yenidən Malla qayıdıb.
“Xloini sevirəm. O, parlaq iş görəcək. Biz artıq 10 ildən çoxdur ki, bir yerdə işləyirik. Çox möhtəşəm namizədlər gördük, amma Xloi hər dəfə ən aydın baxışla, ən orijinal ideyalarla və Vogue-un beş-on ildən sonra necə görünəcəyini dəqiq anlayışı ilə geri qayıdırdı”, – deyə Vintur bildirib.
Qeyd etmək lazımdır ki, həmkarları Annanı çox vaxt nə istədiyini bilən, jurnalın inkişaf yoluna dair aydın baxışı olan insan kimi xarakterizə ediblər.
Eyni zamanda Mallın üstünlüyü ondadır ki, o, modanın vakuumda mövcud olmadığını, musiqidə, kinoda, hətta siyasətdə baş verən proseslərin nəticəsi olduğunu gözəl başa düşür. Bundan əlavə, Xloinin əla yumor hissi var.
Vogue formatı haqqında
Moda jurnalının bundan sonra hansı formada inkişaf edəcəyindən danışarkən Anna Vintur elektron təqdimat formalarının hərtərəfli xarakterinə diqqət çəkib. Bununla belə, Vogue-un çap versiyası mütləq qalacaq. İlk növbədə eksklüziv bir şey kimi.
“Düşünürəm ki, hamımız çap nəşrinə arxivləşdirmək və saxlamaq istədiyiniz bir kolleksiya obyekti kimi baxırıq”, – deyə Vogue-un keçmiş baş redaktoru izah edib.
Qlobal münaqişələr dövründə moda haqqında
Keçmiş baş redaktor Vintur əmindir ki, moda həmişə vacibdir.
“Bu, özünüifadə və özün haqqında danışmaq məsələsidir. Məncə, moda bir çox müxtəlif şeyləri ifadə edə bilər. İnsanlar şəxsiyyətdirlər və onlar özlərini ifadə edə bilmək imkanına sahib olmalıdırlar. Moda isə yaradıcılıq formasıdır və məhz buna görə bizə böyük dizaynerlər lazımdır”– deyə Anna Vintur vurğulayıb.
Sələf əlavə edib ki, əgər hamı daim qara kostyum və ağ köynək geyinsəydi, bu, çox darıxdırıcı olardı.
Saç düzümü və gündəlik rejim haqqında
Əfsanəvi baş redaktorun saç düzümü də sabitdir. Onun heç vaxt karetadan başqa saç düzümü olub-olmaması sualına Anna Vintur belə cavab verib: “Bəli”, amma xoşuna gəlməyib.
“Bir dəfə mənə üçqat kəsim etdilər. Bu, həyatımın ən pis saç düzümü idi. Deyəsən, bir il şlyapa taxdım, sonra isə qərara gəldim ki, bundan başqa saçımı heç vaxt elə kəsdirməyim”, – deyə The New Yorker-in həmsöhbəti izah edib.
Vinturun gündəlik rejimi sərtdir. O, saat 04:30 və ya 05:00-da oyanır, internet nəşrlərini oxuyur, Vaşinqton-Skver parkında gəzintiyə çıxır. Bundan sonra idman zalı, qaçış və iş gəlir.
“Şeytan Prada geyinir” filmi haqqında
Vintur film premyerasına gedəndə, keçmiş baş redaktorun əsərin nədən bəhs etdiyindən xəbəri olmayıb. Amma Anna üçün film çox xoş və gülməli görünüb.
Onun sözlərinə görə, aktyorların hamısı möhtəşəm idi, dialoqları isə iti və ağıllı.
Mənbə: tochka.by
Tərcümə etdi: Fatimə Umarbəy
