1985-ci ildə şair Tony Harrison Leeds şəhərində dağıdılmış qəbir daşlarını görəndən sonra “V” adlı şeir yazıb. Şeir 112 bənddən ibarətdir və insanları, cəmiyyətin parçalanmasını, sol-sağ qarşıdurmasını, işsizlik və nifrəti təsvir edir.
Başlanğıcda şeir "London Review of Books"-da dərc olunub və böyük səs-küy yaratmayıb. Amma 1987-ci ildə "Channel 4" televiziyasında yayımlandıqda qalmaqala səbəb olub. Çünki şeirdə qəbir daşlarının üzərinə yazılmış söyüşlər və irqçi ifadələr də yer alıb. Sağçı siyasətçilər və qəzetlər buna qarşı çıxıblar, hətta parlamentdə müzakirə istəyiblər. Qəzetlərin başlıqları “Dörd hərfli TV şeiri qalmaqalı” kimi yazılıb. Amma bir çox yazar və jurnalistlər şeiri müdafiə edərək onu güclü, siyasi və dərin adlandırıblar.
Televiziya yayımı zamanı tamaşaçıların çoxu şeiri dəstəkləyib. Bəziləri söyüşlərdən narazı qalsa da, çoxları onun Britaniyanın bölünmüş halını doğru təsvir etdiyini düşünüb. İroniya ondadır ki, əvvəlcə kitab yalnız bir neçə min nüsxə satılıb, amma bu qalmaqaldan sonra milyonlarla insan şeiri eşidib. Bu gün “V” şeiri artıq klassik əsər sayılır. O vaxt yaratdığı qalmaqal indi azalsa da, şeir hələ də oxucuları düşündürür və təsirləndirir.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
