Bu gün adi meyvə kimi marketlərdə satılan ananas XVII-XVIII əsrlərdə Avropada zənginlik və nüfuzun simvolu idi.

O dövrdə bir ananas minlərlə funt dəyərində olur, yeyilmək əvəzinə süfrələrin ortasında bəzək kimi nümayiş etdirilirdi. Hətta imkanlı olmayanlar üçün “ananas kiralama” xidməti yaranmış, bir meyvə dəvətlərdə qonaqlara göstərilmək üçün əldən-ələ gəzirdi.
Yeni Dünyadan gətirilən bu ekzotik meyvə qızılı tacı ilə kral hakimiyyətinin rəmzi sayılırdı. İngiltərə kralı II Çarlz ananasla birgə təsvir olunmuş, bu isə meyvənin krallıqla assosiasiya olunmasına səbəb olub. Botaniklər onun dadını şərab, gül suyu və şəkərin qarışığına bənzədirdilər və beləliklə ananas “King Pine” – “Meyvələrin kralı” adını alıb.
XVIII əsrdə İngiltərədə ananas yetişdirmək üçün “pinery” adlanan xüsusi, bahalı istixanalar tikildi. Tropik iqlim şəraitini təmin etmək üçün kömürlə qızdırılan sistemlərdən istifadə olunurdu. Belə istixana qurmaq on minlərlə funt dəyərində başa gəlir, uğurla yetişdirilən hər ananas isə minlərlə funt sterlinq qiymətləndirilirdi. Bu səbəbdən ananas yetişdirmək yalnız aristokratların imkanı daxilində idi. Hətta oğurluq hadisələri də baş verir, məhkəmələrdə “ananas oğurluğu” ilə bağlı işlər açılırdı.
Lakin sənaye inqilabı ilə birlikdə tropik meyvələr koloniyalardan daha asan daşınmağa başladı və ananasın qiyməti sürətlə ucuzlaşdı. Bir vaxtlar yalnız zadəganların status nişanəsi olan bu meyvə artıq orta və fəhlə təbəqəsinə də əlçatan oldu. Beləcə, ananas əvvəlki dəbdəbəli mövqeyini itirərək bazarlarda sadə meyvələr arasında yer aldı.
Buna baxmayaraq, bu gün də ananas fiquru Vimbldon kubokunda və Müqəddəs Paul kilsəsinin qüllələrində prestijin simvolu kimi qalmaqdadır.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
