Bu gün:

Sivilizasiya zirzəmisi möhürlənib və 8113-cü ilə qədər açılmayacaq


Sivilizasiya Zirzəmisi (Crypt of Civilization) 85 il əvvəl bağlanıb və MS 8113-cü ilə qədər açılmaması barədə göstəriş verilib.

Qədimi Misiri araşdırarkən Dr. Thornwell Jacobs qədim sivilizasiyalar haqqında günümüzə çox az dəqiq məlumatın gəlib çatdığını görüb. Qədim Misirdəki həyat barədə bildiklərimizin demək olar ki, hamısı yalnız bir neçə mənbədən gəlib: piramidlər və Assuriya ərazisində tapılmış yazılı tabletlər.

Jacobsun ağlına gələcək sivilizasiyaların araşdıra bilməsi üçün öz həyat tərzimizə dair qeydlər buraxmağın faydalı olacağı hətta bunun bir növ ‘arxeoloji missiya’ sayılacağı – fikri gəlib. Beləliklə, o, müasir mənada ilk zaman kapsulunu hazırlayıb və bu anlayış üçün ‘time capsule’ (zaman kapsulu) terminini ortaya atıb. 

Gürcüstandakı Oglethorpe Universitetində o dövrdə rəhbəri olduğu qurumda Phoebe Hearst Salonunda bu kapsulu reallaşdırıb. İstifadədən çıxmış üzgüçülük hovuzunun içinə yerləşdiriləcək şəkildə hazırlanmış böyük bir otaq, 1930-cu illərin həyatına aid əşyaları və son 6.000 ilin biliklərini özündə cəmləyəcəkdi. Firon məzarı kimi qurulan bu zirzəmidə 1930-cu illərin məşhur klarnetçisi Artie Shaw-un yazıları, 1898-ci ildən etibarən çəkilmiş hadisələri göstərən filmlər, 100 kitabın mikrofilm nüsxəsi və gündəlik əşyalar olub. Hətta Donald Duck-ın kiçik bir maketi də yerləşdirilib. 

Kapsulun açılış tarixi eramızın 8113-cü ili olaraq müəyyənləşdirilib. Jacobs bunu belə izah edib: 1936-cı ildə bu fikri irəli sürdüyündə, Misir təqviminin başlanmasından 6.177 il keçib. O, gələcəkdə kapsulu açanların öz dövrləri ilə Qədim Misirlilər arasında bir orta nöqtəyə baxa bilmələrini istəyib. 

Fikirdən dörd il sonra, dünya II Dünya Müharibəsinə sürüklənərkən zirzəmi möhürlənib. Minlərlə il sonra yenidən tapılması ümidi ilə bağlanan bu kapsul, bəşəriyyətin uzunömürlülüyünə dair nikbin bir baxışı təcəssüm etdirib. 

Lakin Jacobs-un zirzəmiyə qoyduğu qeyd bu nikbinliyin əksinə olaraq bədbin bir xəbərdarlıq olub: "Dünya bizim sivilizasiyamızı əbədi olaraq basdırmaqla məşğuldur və biz burada, bu zirzəmidə onu sizə əmanət edirik". 

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et