Yeni tədris ili öncəsi Bakıya gələn tələbələrin sayı artdığı üçün kirayə mənzil bazarında qiymətlər yüksəlişdədir. Əmlak vasitəçilərinin müşahidələrinə əsasən, paytaxtın mərkəzi rayonlarında birotaqlı mənzillərin aylıq kirayəsi 450–500 manata qədər bahalaşıb. Kənar ərazilərdə isə qiymətlər 300–350 manat arasında dəyişir.

Tələbə axını bazarda mövsümi dalğalanmalara səbəb olur. Sentyabr ayında xüsusən Yasamal, Nəsimi və Xətai rayonlarında mənzillərə tələbat xeyli artır. Bu isə həm tələbələrin, həm də kirayədə yaşayan ailələrin əlavə çətinliklərlə üzləşməsinə gətirib çıxarır.
Son illərdə yeni tikililərin çoxalmasına baxmayaraq, mərkəzi ərazilərdəki mənzillərin daha çox üstünlük qazanması qiymətlərin yüksək olaraq qalmasına səbəb olur. Payızın ortalarınadək müəyyən sabitləşmə müşahidə edilsə də, ümumi qiymət səviyyəsinin əvvəlki illərlə müqayisədə daha yuxarı qalacağı gözlənilir.
Hazırladı: Gülay Bədirli
