Öz səsinizi yazıdan dinlədiyiniz zaman fərqli gəldiyini hiss etmisinizmi? Çoxlarına bu daha incə, yad və bir qədər qəribə təsir bağışlayır. Alimlərin fikrincə, bu hal təbiidir və onun izahı həm eşitmə sistemimizin işləmə mexanizmi, həm də beynin səsi qəbul etmə xüsusiyyətləri ilə bağlıdır.
Danışarkən yaranan səs qulağa iki yolla çatır. Birinci yol hava vasitəsilə ötürülmədir. Səs dalğaları havada hərəkət edərək qulaq kanalına daxil olur, qulaq pərdəsinə toxunur və titrəyişlər eşitmə sümüklərinə ötürülür. Daha sonra bu titrəyişlər salyangoz formalı kokleaya keçir, oradakı maye dalğaları sinir uclarını hərəkətə gətirir və elektrik siqnallarına çevrilir. Eşitmə siniri həmin siqnalları beyinə ötürür və səs kimi qəbul olunur. İkinci yol isə sümük vasitəsilə ötürülmədir. Bu halda titrəyişlər birbaşa kəllə sümüklərindən kokleaya çatır. Səs havadan deyil, sümüklərdən keçdiyi üçün onun tembri dəyişir. Gündəlik danışıq zamanı hər iki mexanizm eyni anda fəaliyyət göstərir, nəticədə, səs həm daha dərin, həm də daha gur eşidilir. Lakin yazını dinləyərkən yalnız hava yolu işə düşür və buna görə də səs olduğundan fərqli səslənir.
Sümük vasitəsilə ötürülmə əsasən aşağı tezlikləri gücləndirir. Buna görə insan danışarkən səsini daxildən daha dərin və dolğun hiss edir. Yazıda isə yalnız hava yolu ilə ötürülən hissələr qalır və bu, səsin daha incə və tiz eşidilməsinə səbəb olur. Barmaqlarınızı qulağınıza basdığınızda səsinizin dərhal dərinləşməsi bu effekti izah edir.
Araşdırmalar göstərir ki, insanlar öz səs yazılarını dinləyərkən daha çox mənfi reaksiya verirlər. Başqalarının səsini qiymətləndirərkən dil bilgisi, axıcılıq və üslub kimi amillərə diqqət yetirirlər. Öz səslərində isə əsasən ton, yazının keyfiyyəti və tembrə həssas yanaşırlar. 1960-cı illərdə aparılan bir araşdırmada iştirakçıların yalnız yarısı səs yazısının onlara məxsus olduğunu düzgün təxmin edə bilib. Müasir dövrdə telefon və sosial medianın geniş yayılması ilə insanlar səs yazılarını daha tez-tez eşidir və nəticədə, bu fərqliliyə daha çox alışırlar.
Öz səsini yazıdan dinləmək bir çox insanlarda yadlıq hissi yaratsa da, bu, tamamilə normal fizioloji və psixoloji mexanizmlərlə bağlıdır. Vaxtaşırı səs yazısı dinləmək təkcə bu hissi zəiflətmir, həm də danışıq tonunun, vurğuların və diksiya bacarığının yaxşılaşmasına kömək edir. Buna görə də bu üsul hələ də peşəkar natiqlər, müəllimlər, aktyorlar və səsini təkmilləşdirmək istəyənlər tərəfindən geniş istifadə olunur.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
