Bu gün:

ABŞ-dən İran neftinə qarşı yeni sanksiya


ABŞ administrasiyası, İran neftini İraq mənşəli kimi bazara çıxardığı iddiası ilə bir gəmiçilik və nəqliyyat şəbəkəsini sanksiya siyahısına əlavə edib.ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran neftinin qaçaqmalçılığı ilə məşğul olan şəbəkəyə sanksiya tətbiq edib. Açıqlamada şəbəkənin İran neftini gizlicə İraq nefti ilə qarışdıraraq yalnız İraq mənşəli kimi satdığı və bununla sanksiyalardan yayınmağa çalışdığı bildirilib.

Məlumata görə, bu sxem həm şəbəkənin başında dayanan, İraq və Sent-Kits və Nevis ikili vətəndaşlığına sahib iş adamı Vəlid əl-Samarra'ya, həm də İrana yüz milyonlarla dollar qazanc gətirib.

ABŞ Maliyyə naziri Skott Bessent məsələ ilə bağlı açıqlamasında, İraqın “terrorçular üçün təhlükəsiz sığınacaq” olmaması lazım olduğunu vurğulayaraq, ABŞ-nin İranın ölkədəki təsirini məhdudlaşdırmaq üçün çalışdığını qeyd edib. O, həmçinin bildirib:

“Biz neft gəlirlərini hədəf alaraq, İranın ABŞ və müttəfiqlərinə qarşı hücum həyata keçirmə qabiliyyətini daha da zəiflədəcəyik. ABŞ-nin müstəqil neft təchizatına sadiqliyimizi davam etdiririk və Tehranı sanksiyalardan yayınmaq cəhdlərində dayandırmaq üçün səylərimizi sürdürəcəyik”.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et