Təxminən 1000 illik Bayeux xalçası İngiltərənin 1066-cı ildə Norman işğalını təsvir edir. Xalça sentyabr ayından etibarən Fransada ictimaiyyət üçün bağlanacaq və gələn il Britaniya Muzeyində nümayiş olunacaq.
Fransa incəsənət dünyasında isə bu qərara qarşı ciddi etiraz var. Mütəxəssislər hesab edirlər ki, 70 metr uzunluğundakı əsər çox kövrəkdir və uzun yol boyu baş verə biləcək titrəyişlər ona bərpa olunmaz ziyan vura bilər. Prezident Emmanuel Makron və Britaniyanın baş naziri Sir Keir Starmer iyul ayında görüşlərində xalçanın Londona verilməsinə razılıq elan ediblər. Bu isə Fransada etiraz dalğası yaradıb. “Mədəni cinayət” adlandırılan bir petisiyanı artıq 60 min nəfər imzalayıb.
Fransız rəsmiləri isə xalçanın daşınmasının mümkün olduğunu bildirirlər. Onlar bu ilin əvvəlində hazırlanmış xüsusi araşdırmaya istinad edirlər. Xalça Londonda 2026-cı ilin payızından 2027-ci ilin iyuluna qədər sərgilənəcək. Əvəzində Britaniya Muzeyindən Sutton Hoo dəfn abidələrindən tapıntılar və 12-ci əsrə aid məşhur “Lewis şahmat fiqurları” Normandiyadakı muzeylərə göndəriləcək. Bayeux xalçası 11-ci əsrdə yaradılıb. O, Hastings döyüşündə (1066) anglosaksonların məğlubiyyətini və Normandiyanın hakimiyyətə gəlişini təsvir edir. 58 səhnə, 626 insan fiquru və 202 atdan ibarət olan xalça orta əsr dövrü həyatına dair həm hərbi, həm də gündəlik həyatla bağlı unikal məlumatlar verir.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
