Adıyamandakı Perre qədim şəhərində aparılan qazıntılarda 2 min 100 illik qəbir aşkar edilib. Helenistik dövrə aid olan bu qəbirdə Anadolu ərazisində ilk dəfə Misir Tanrısı Pataikosun fiquru, həmçinin amulet və muncuqlar tapılıb.
Adıyaman İl Mədəniyyət və Turizm Müdiri Mehmet Yelkən və Adıyaman Muzeyinin müdiri Mehmet Alkan, Perre qədim şəhərində davam edən işləri yerində araşdıraraq məsul şəxslərdən məlumat alıblar.
Alkan bildirib ki, aparılan işlər zamanı 2 min 100 illik bir qəbir və onun içərisində müxtəlif fiqurlar aşkarlanıb. Araşdırmalar nəticəsində bu fiqurların Misir mənşəli Tanrı Pataikos təsvirli fayans amulet (nəzərlik), müxtəlif muncuqlar və başqa amuletlərdən ibarət olduğu müəyyən edilib.
Əsərlərin tapılmasının böyük həyəcan yaratdığını bildirən Alkan, bunları qeyd edib: “Bu qəbir hipoje üslubunda hazırlanıb və içində 14 nəfərin dəfn olunduğu otaq-qəbirdir. Helenistik dövrə aid bu məzarda Tanrı Pataikosun fiquru tapılıb. Bu fiqur Anadolu ərazisində aparılan qazıntılarda ilk dəfə üzə çıxır".
Adıyaman Mədəniyyət və Turizm Müdiri Mehmet Yelkən də Perre qədim şəhərində mühüm tapıntıların aşkarlandığını və qazıntıların böyük dəqiqliklə aparıldığını vurğulayıb.
Mənbə: Milliyet
Tərcümə etdi: Aytac Musayeva
