Bu gün:

"Bakı Yaradıcı Həftə – 2025" baş tutacaq


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatına əsasən, 24media.az istinad edir ki, 6–12 oktyabr tarixlərində paytaxtımız mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” baş tutacaq.

İƏT-in 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil etdiyi bu festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığı genişləndirməyi, xalqlar arasında dostluq və anlaşmanı möhkəmləndirməyi hədəfləyir. Bu il ilk dəfə olaraq Azərbaycanda keçiriləcək tədbir ölkəmizin beynəlxalq mədəniyyət platformasındakı rolunu və multikulturalizm dəyərlərinin təşviqinə verdiyi töhfəni nümayiş etdirəcək.

Festival çərçivəsində mədəniyyətlərarası dialoqun inkişafı, tolerantlıq və sülhün təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, üzv ölkələr arasında iqtisadi, təhsil, turizm və elm sahələrində birgə layihələrin təşviqi, yaradıcı sənayelərin isə qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.

Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, elm və incəsənət xadimlərinin iştirakı gözlənilir. Ümumilikdə festivalda beş mindən çox iştirakçı bir araya gələcək.

Proqram olduqca zəngindir: İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village” sərgisi (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi”, oyun texnologiyaları üzrə G-HUB sammiti, həmçinin teatr, musiqi, rəqs və animasiya layihələri keçiriləcək.

Rəna Qarayeva


Paylaş
Şərh əlavə et