Bu gün:

Ananas nə üçün bir zamanlar status və lüks rəmzi idi?


Bu gün marketlərin rəflərində asanlıqla tapılan ananas XVII–XVIII əsrlərdə Avropada lüksün göstəricisi hesab olunub. Həmin dövrdə tək bir ananas minlərlə funt sterlinq dəyərində idi. Çox vaxt yeyilmək üçün deyil, qonaqların qarşısında nümayiş olunmaq üçün istifadə edilib. İngiltərədə aristokratlar üçün ananasa sahib olmaq var-dövlətin və nüfuzun ən açıq göstəricilərindən biri olub.

Sadə bir meyvədən status simvoluna uzanan yol:

Ananas Avropaya gətirildikdə onun ekzotik görünüşü diqqət çəkib. Qızılı rəngdə tacı krallığın simvolu kimi yozulub. İngiltərə kralı II Çarlz saray bağbanı Con Rouzun ona təqdim etdiyi ananasla birlikdə çəkilən tablodan sonra bu meyvə kral ailəsi ilə assosiasiya olunmağa başlayıb.

Botaniklər ananasın dadını şərab, qızılgül suyu və şəkərin qarışığına bənzədib. O dövrdən etibarən bu meyvə yalnız zadəganların əlçatan olduğu bir nüfuz göstəricisinə çevrilib.

Ananas – nümayişin əsas atributu:

O qədər bahalı idi ki, çox vaxt süfrələrdə bəzək kimi sərgilənir, yeyilmirdi. Masaların ortasında xüsusi dayaqlarda nümayiş etdirilir, ətrafı ucuz meyvələrlə bəzədilirdi. Hətta imkanlı olmayanlar üçün “ananas kirayəsi” praktikası formalaşıb. İnsanlar dəvətlərdə qonaqlara təmtəraq göstərmək üçün bir ananası bir neçə saatlıq icarəyə götürür, o isə xarab olana qədər müxtəlif məclislərdə əlbəəl dolaşıb.

Ananas becərmək – varlılığın açıq göstəricisi:

XVIII əsrdə İngiltərədə ananas becərmək üçün cəhdlər başlayıb. Lakin tropik şərait tələb edən bu bitki üçün “pinery”ü adlanan xüsusi istixanalar tikilməli idi. Kömürlə qızdırılan bu qurğular həm bahalı, həm də riskli idi. Bir pinery inşa etmək indiki hesabla on minlərlə funt sterlinqə başa gəlib. Bu səbəbdən ananas becərilməsi yalnız aristokratların məşğuliyyəti olub. Uğurla yetişdirilən bir ananas isə təxminən 11 min funt sterlinq dəyərində idi. Hətta ananas oğurluğu ilə bağlı məhkəmə işləri də qeydə alınıb.

Sanaye inqilabından sonra dəyişən status:

Sənaye inqilabı ilə birlikdə tropik koloniyalardan ananasın gəmilərlə müntəzəm idxalına başlanıb. Qiymətlərin sürətlə enməsi nəticəsində meyvə təkcə zənginlərə deyil, orta təbəqəyə və hətta fəhlə sinfinə də əlçatan olub. Bir dövrün “lüks kralı” sayılan ananas bazarlarda ucuz meyvələrlə yanaşı satılmağa başlayıb. Bununla da aristokrat süfrələrindən enib və status simvolu olmaq xüsusiyyətini itirib.

Buna baxmayaraq, bu gün də ananas fiquru Wimbldon kubokunun üzərində, Sent-Pol kafedralının qüllələrində və başqa yerlərdə prestijin simvolu kimi qalmaqda davam edir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et