Donald Trampın müəllifi olduğu kitabları nəşr etdirib, onun 2024-cü il seçki kampaniyası üçün milyonlarla dollar toplamağa kömək edib və ABŞ prezidentinin ikinci müddətində Vaşinqtonu ona sadiq şəxslərlə kadrlaşdırıb.
İndi isə Serxio Qor Trampın Hindistandakı nümayəndəsinə çevrilməyə hazırlaşır və eyni zamanda ABŞ-nin digər Cənubi və Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə nəzarət edəcək.
Keçən həftə Tramp Qoru, kadrlar üzrə rəhbərini, ABŞ-nin Hindistandakı növbəti səfiri təyin etdiyini elan edib. O, Qoru “əla dost” adlandırıb və onun gündəliyi həyata keçirəcəyinə “tam etibar edə biləcəyini” bildirib.
38 yaşlı Qorun təyinatı iki ölkə arasında münasibətlərin Trampın Hindistana qarşı sərt ticarət rüsumları səbəbilə gərginləşdiyi bir dövrə təsadüf edir.
Qorun təyinatı Hindistanda qarışıq reaksiyalara səbəb olub: bəzi müşahidəçilər bu vəzifəyə Trampın yaxın köməkçisinin gətirilməsini Hindistan-ABŞ əlaqələri üçün müsbət addım sayırlar. Amma digərləri Trampın Hindistan səfirini Pakistan da daxil olmaqla digər Cənubi və Mərkəzi Asiya ölkələri ilə də paylaşmaq qərarını sual altına alırlar.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
