Suriyada Şam rəhbərliyi ilə ölkədəki müxtəlif siyasi qüvvələr arasındakı gərginlik son günlər daha da yüksəlib. İsrailin Suriya ərazilərində həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Türkiyə mərkəzi hakimiyyətə dəstəyini davam etdirəcəyini açıqlayıb.
Suriya dövlət televiziyasının məlumatına görə, avqustun 27-nə keçən gecə İsrail qüvvələri paytaxt Şam yaxınlığındakı Kisve bölgəsində yerləşən hərbi bazaya ardıcıl hücumlar təşkil edib. Bir hökumət rəsmisi bildirib ki, Suriya əsgərləri İsrailə məxsus “müşahidə və gizli dinləmə qurğuları” aşkar etdikdən sonra hədəfə alınıblar.
AFP və Reuters agentlikləri əməliyyatı təsdiqləyən məlumatlar yayıb, İsrail müdafiə naziri İsrael Kats isə əməliyyatı birbaşa təsdiqləməyib. Lakin sosial şəbəkədə etdiyi paylaşımda İsrail əsgərlərinin ölkənin təhlükəsizliyini təmin etmək üçün “gecə-gündüz bütün döyüş bölgələrində” xidmət etdiyini qeyd edib.
Britaniya mərkəzli Suriya İnsan Haqları Müşahidə Evi (SOHR) isə İsrailin hədəf aldığı bazadan İran dəstəkli Hizbullahın istifadə etdiyini iddia edib. SOHR-un məlumatına görə, Suriya Prezidenti Bəşər Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra İsrail ilk dəfə bu qədər dərin bir əməliyyat həyata keçirib. Əsədin devrilməsindən sonra İsrail Şam da daxil olmaqla bir çox bölgəyə hava zərbələri endirib və mərkəzi hakimiyyətə bağlı qüvvələrlə toqquşmalara girən druz milislərini hədəf alıb. İsrail həmçinin Suriyanın cənubunda hərbi mövcudluğunu artıraraq, atəşkəs xətti üzərində yerləşən silahsızlaşdırılmış ərazilərin bir hissəsini işğal edib.
Mərkəzi hakimiyyəti bərpa etməyə çalışan Şama Ankaradan dəstək mesajları gəlib. Prezident Rəcəb Tayyib Ərdoğan 26 avqust Malazgirt zəfəri tədbirlərində çıxışı zamanı bildirib: “Suriyadakı bütün qardaş xalqlar kimi kürdlərin də təhlükəsizliyi, rifahı və əmin-amanlığı Türkiyə tərəfindən təmin ediləcək. Üzünü Ankaraya və Şama çevirənlər qazanacaq. Qibləsini itirənlər isə axırda uduzacaq. Bilirik ki, qılınc qından çıxsa, qələmlə söhbətə yer qalmaz".
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada isə Türkiyənin Suriyanın sabitliyi ilə öz təhlükəsizliyi arasında birbaşa əlaqə olduğunu bildirilib. Nazirlik əlavə edib ki, Türkiyə Suriyanın hökumətinin birliyi və bütövlüyünü qorumaq üçün atacağı hər addımı dəstəkləyəcək.
Şimalda SDQ ilə Şam qüvvələri arasında gərginlik davam edir. Qərbdə isə ələvilərin yeni siyasi təşkilat qurmağa hazırlaşdığı iddia olunur. SOHR-un məlumatına görə, Suriyada aparıcı ələvi dini liderləri “Orta və Qərbi Suriya Siyasi Şurası” (PCCWS) adlı qurumu elan etməyə hazırlaşır. Bu qurum Laziqiyyə və Tartus, həmçinin Hums və Hama vilayətlərinin bir hissəsini əhatə edəcək və “ədalət, vətəndaşlıq və insan haqlarına hörmət” çərçivəsində mülki və dünyəvi idarəetmə modeli qurmağı hədəfləyir.
Ələvilərin çoxluq təşkil etdiyi bölgələrdə mart ayında toqquşmalar baş vermiş, təxminən iki min dinc sakin həyatını itirib. Süveyda vilayətində isə druz milisləri ilə bədəvi tayfalar arasında silahlı qarşıdurmalar olub, İsrail də bu toqquşmalara müdaxilə edib.
Tərəflər ABŞ-nin vasitəçiliyi ilə 19 iyulda atəşkəs elan ediblər. Suriyanın şimal-şərqində faktiki olaraq fəaliyyət göstərən “Şimali və Şərqi Suriya Muxtar İdarəsi”nin Xarici Əlaqələr Komitəsinin həmsədri İlham Əhməd BBC Türkçəyə açıqlamasında mərkəzləşdirilməmiş idarəetmədən yana olduqlarını bildirib. Əhməd vurğulayıb ki, Suriyadakı bütün etnik qrupların hüquqları konstitusiyada tanınmalı və yerli icmaların ehtiyaclarını ödəmək üçün səlahiyyət sahibi olmalarını təmin edən model tətbiq edilməlidir.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
