Bu gün:

“Uğurun sirri intizam və düzgün strategiyadır”-Lamiyə Tağıyeva


24Media.az-ın budəfəki qonağı Şabran rayonu 4 saylı Məmmədağa Nəzirov adına tam orta məktəbin məzunu, bu il DİM imtahanlarından 618 bal toplayaraq uğur qazanan Lamiyə Tağıyevadır. O öz uğur hekayəsini bizimlə bölüşüb.

– Lamiyə, təbrik edirik. Nəticəniz bir çox abituriyent üçün nümunədir. Sizcə, uğur yalnız çox çalışmaqla əldə olunur, yoxsa düzgün strategiya və plan da vacibdir?

Təşəkkür edirəm. Mənim üçün uğur sadəcə çox çalışmaqla ölçülmür. Həqiqi uğur intizam, planlı çalışma və dəqiq strategiya ilə formalaşır. Çünki yalnız çox çalışmaq yetərli deyil — həm keyfiyyət, həm kəmiyyət vacibdir. Mənim üçün uğurun sirri də məhz bu balansdadır.

– Məqsədinizə çatmaq yolunda hansı çətinliklərlə qarşılaşdınız? Onları necə dəf etdiniz?

Hazırlıq müddətində hər abituriyent kimi mən də çətinliklərlə üzləşdim. Riyaziyyatda müəyyən məsələləri həll etmək, tarix və xarici dil materiallarını öyrənmək kimi öhdəliklərim olurdu. Əsas olan səhvlərdən qorxmamaq və onları təkrar cəhdlə aradan qaldırmaqdır. Mən də bunu edirdim. Zəif olduğum mövzulara daha çox vaxt ayırmaq mənə həmişə kömək etdi.

– Balınızı öyrənəndə ilk kimlə paylaşdınız?

Nəticələr açıqlananda ailəmlə birlikdəydik. Həmin an həm mənim, həm də onların üzündə böyük sevinc vardı. Göz yaşlarımızla sevinci bölüşdük və o an mənim üçün unudulmaz oldu.

– Hazırlıq dövründə dərslə şəxsi həyat arasında balansı necə qoruyurdunuz?

Hazırlıq vaxtı dərslər mənim üçün birinci yerdə idi. Amma yalnız oxumaqla kifayətlənmirdim, şəxsi həyatımı da unutmamağa çalışırdım. Beləcə həm öyrənməyə davam edirdim, həm də özümü yormadan balansı qoruyurdum.

– Müəllimlərinizin və ailənizin dəstəyi necə təsir etirdi?

Valideynlərim bu yolda mənim üçün əvəzsiz dayaqlar idi. Yorğun və motivasiyasız olduğum anlarda, hətta bir neçə dəfə davam etməkdə çətinlik çəkdiyim zamanda onlar səbrlə yanımda durur, mənə güc verirdilər. Mənim üçün bu dəstəyi yalnız sözlə ifadə etmək çətindir... Müəllimlərim də sadəcə dərs keçməklə kifayətlənmədilər; onlar mənə yol göstərir, ümid verir, çətin anlarda “sən bacararsan” deyərək dəstək olurdular. Günel müəllim, Yeganə müəllim, Lətafət müəllim və Nərmin müəllim mənim uğur hekayəmin ayrılmaz hissəsi idi. Onların köməyi olmasaydı, zəhmətim nəticəyə çevrilməzdi.

– Hüquq fakültəsini seçməyinizin səbəbi nədir?

Uşaqlığımdan ədalət və doğru olmağa böyük bir sevgim var idi. Hüquq isə bu dəyərləri həyata keçirmək, insanlara kömək etmək yoludur. Başqa sahə isə heç düşünmədim.

– İmtahanda istədiyi nəticəni əldə etməyən gənclərə nə məsləhət verərdiniz?

İmtahanda gözlədiyiniz nəticəni əldə etməmək heç də uğursuzluq deyil. Hər səhv və çətinlik gələcək uğurlar üçün bizə bir dərsdir, onu düzgün qiymətləndirmək lazımdır. Bəzən cəhdlərimiz nəticəsiz ola bilər, amma əhəmiyyətli olan geri çəkilməyib davam etməkdir. Səhvlərimizdən öyrəndikcə məqsədə daha da yaxınlaşırıq. Universitetə qəbul olmamaq da həyatın sonu deyil. Bu mərhələdən qorxmaq əvəzinə, onu təcrübə və yeni imkanlar üçün bir fürsət kimi qəbul etmək lazımdır. Bu gün olmadı, heç vaxt olmayacaq mənasına gəlmir. Tövsiyəm bu olar ki, dayanmadan çalışın, səhvlərdən qorxmayın və ümidsizliyə heç qapılmayın. Həyat daim yeni imkanlarla doludur, sadəcə onları görmək və dəyərləndirmək lazımdır.

– Gələcəkdə qarşıya qoyduğunuz məqsəd və görmək istədiyiniz rolu necə təsəvvür edirsiniz?

Gələcəkdə xaricdə təhsilimi davam etdirmək, hüquq sahəsinin peşəkarlarından olmaq istəyirəm. İnsanlara fayda vermək, ədalət yolunda çalışmaq mənim əsas məqsədimdir.

Nəzakət Nəsibli

Paylaş