Bu gün:

Dondurulan ilk insan: Ceyms Bedford


1967-ci il yanvarın 12-də terminal mərhələdə xərçəng diaqnozu ilə dünyasını dəyişən Ceyms Hiram Bedford tarixə düşüb. Çünki o ölümündən cəmi bir neçə dəqiqə sonra kriogen üsulla dondurularaq gələcəkdə yenidən həyata qaytarılacağına ümid bəsləyən ilk insan oldu. O vaxtdan bu günə – 55 ildən artıq müddətdir – Bedfordun bədəni maye azotla doldurulan metal kapsulda saxlanılır.

1893-cü ildə Massaçusetsdə anadan olan Bedford təhsil sahəsində fəaliyyət göstərən professor idi. O gənclərin peşə yönümünü inkişaf etdirməyə həsr olunan kitablar yazıb, Afrikada safariyə çıxıb, Cənubi Amerikanın tropik meşələrini və Avropanı səyahət edib. Lakin 70 yaşlarında xərçəngə tutulduqda, ölümü son dayanacaq kimi qəbul etmək istəməyib. Həmin vaxt yeni müzakirə mövzusuna çevrilən insan kriogenikasına maraq göstərib və Kaliforniya Kriogenika Cəmiyyəti ilə əlaqə saxlayıb. Cəmiyyətin rəhbəri Robert Nelsonla dəfələrlə görüşdükdən sonra ölümündən sonra bədəninin dondurulması barədə qərar verib.

Bedford 1967-ci il yanvarın 12-də Kaliforniyada qonşusunun evində vəfat edib. Ölümündən dərhal sonra həkimlər müdaxilə edərək süni tənəffüs vasitəsilə beyninə oksigen ötürüblər damarlarına isə dimetil sulfoksid (DMSO) yeridərək qanı qoruyucu maye ilə əvəz ediblər. Onun bədəni xüsusi hazırlanan kapsula yerləşdirilərək Los-Ancelesdən Arizona ştatındakı mərkəzə daşınıb. Bununla da Bedford kriogen üsulla dondurulan ilk insan kimi tarixə yazılıb. Həmin dövrdə qəzetlər bu hadisəni “İnsan 20 min il gözləyə bilər” başlıqları ilə işıqlandırıblar.

Hadisə ictimaiyyət arasında böyük maraq doğursa da, elm adamları skeptik yanaşıblar. "UCLA Biotexnologiya Laboratoriyası"nın rəhbəri Con Layman hüceyrələrin donma prosesində zədələnəcəyini və geri dönüşün mümkünsüz olduğunu bildirib. Oregon Universitetindən Stenli Ceykob da mövcud üsullarla bunun qeyri-mümkün olduğunu vurğulayıb. Lakin Bedfordun saxlanılması prosesi də problemsiz keçməyib. 1970-ci illərdə kapsulun texniki baxımı kifayət qədər aparılmadığından, 1976-cı ildə oğlu Norman atasının bədənini yük maşını ilə başqa mərkəzə köçürməyə məcbur olub. Hətta ailə üzvləri də zaman-zaman bu qeyri-adi hekayəyə cəlb olunublar, gəlinləri Sesiliyanın kapsulla birlikdə çəkilən fotosu mətbuatda yayılıb.

1991-ci ildən Bedfordun bədəni Arizona ştatındakı “Alcor Life Extension Foundation” müəssisəsində saxlanılır. Həmin ildə aparılan araşdırmada onun bədəninin əsasən qorunduğu, yalnız dəri səthində çatlar və rəng dəyişikliyi müşahidə edildiyi təsdiqlənib. Bu gün də o maye azotla dolu tankda ikinci həyatını gözləyir. Ailəsinin digər üzvləri artıq dünyasını dəyişsə də, Ceyms Bedford kriogenikanın simvolik fiquru olaraq tarixdə qalır.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et