14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibi – Azərbaycan İdman Akademiyasının komandası ilə AFFA-da görüş keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumata əsasən 24media. az istinad edir ki, tədbirdə elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov çıxış edərək komandanın tarixi qələbəsini yüksək qiymətləndirib, üzvlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sərxan Hacıyev çıxışında Azərbaycan təmsilçisinin İspaniya və Fransa komandaları üzərində qazandığı qələbələri xüsusi vurğulayıb və AFFA prezidenti Rövşən Nəcəfin təbriklərini çatdırıb.
Görüşün sonunda komanda üzvlərinə AFFA tərəfindən hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17–25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçirilən çempionatda finalda Valensiya Universitetini 7:2 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Rəna Qarayeva
