Bəziləri üçün səhərin ayrılmaz hissəsi, bəziləri üçün isə mehriban söhbətin ən yaxşı yoldaşı – qəhvə həm dadı, həm də təsirləri ilə həyatımızda mühüm yer tutur. Dünyada milyonlarla insan günə qəhvə ilə başlayır.

Mütəxəssislərin fikrincə, qəhvənin ən məşhur xüsusiyyəti yüksək kofein tərkibidir və sağlamlıqla bağlı risklərin əksəriyyəti də məhz bununla əlaqəlidir.
Araşdırmalara görə, yetkinlər üçün gündə 400 milliqrama qədər kofein qəbul etmək təhlükəsiz hesab olunur. Bu da təxminən 3–4 fincan qəhvəyə bərabərdir. Ən yüksək qoruyucu təsir üyüdülmüş qəhvədə müşahidə olunur.
Kimlər daha diqqətli olmalıdır?
•Hamilə qadınlar və ana südü verən analar – kofeinin bədəndən çıxması daha uzun çəkir.
•Uşaqlar – kofein istifadəsi tövsiyə edilmir.
•Ürək xəstələri – ürək döyüntüsü və təzyiqə təsiri səbəbilə məhdudlaşdırmalıdırlar.
Orta miqdarda qəhvə qəbulunun bir çox xəstəliklərin uzunmüddətli riskini azaltdığı bildirilir. Lakin həddindən artıq istehlak edildikdə ürək döyüntüsü, narahatlıq, yuxusuzluq, titrəmə və mədə problemləri yarada bilər.
Mütəxəssislər qeyd edirlər ki, qəhvədən zövq alarkən əsas məsələ gün ərzində qəbul edilən ümumi kofein miqdarına nəzarət etmək və bədənin reaksiyalarına diqqət göstərməkdir. Yəni qəhvə həm sağlamlıq dostu, həm də riskli bir vərdiş ola bilər. Fərq yalnız ölçüdədir.
Mənbə: Vogue.com.tr
Tərcümə etdi: Asiya Zeynallı
