Kolumbiyada aparılan arxeoloji qazıntılar zamanı əvvəllər elmə məlum olmayan, təqribən 6 min il əvvələ aid insan növü aşkarlanıb. Paytaxt Boqotaya yaxın ərazidə yerləşən Nemokon bölgəsində tapılan qalıqlar əsasında müəyyən edilən bu topluluq "Çekua" adlandırılıb.

Alimlərin bildirdiyinə görə, Çekua topluluğu izolyasiya olunan ovçu-toplayıcı bir qrup olub və onların soyunun bu günə qədər tamamilə tükəndiyi ehtimal edilir.
Kolumbiya Milli Universitetinin Genetika İnstitutunun tədqiqatçısı Dr. Andrea Casas qeyd edib ki, Çekua xalqına aid genomlar daha əvvəl tam şəkildə deşifrə edilməyib.
“Amerika qitəsinin digər nümunələri ilə müqayisə aparıldıqda keramika dövründən öncə yaşayan bu fərdlərin daha əvvəl sənədləşdirilən və tamamilə yeni bir genetik soyun daşıyıcısı olduqları müəyyən edildi”, – deyə Dr. Casas bildirib.
Tədqiqat çərçivəsində təxminən 30 nəfərə aid qismən skelet qalıqları və demək olar ki, bütöv vəziyyətdə olan bir kəllə sümüyü aşkar edilib. Altı fərdin DNT-si kifayət qədər bütöv olduğu üçün onların genetik materialı üzərində detallı analizlər aparılıb. Layihəyə 1987–2003-cü illər arasında həyata keçirilən digər qazıntılar zamanı əldə edilən materiallar da daxil edilib.
Dr. Casas əlavə edib ki, Çekua qrupu istisna olmaqla, digər qalıqlar Panama ərazisində yaşamış qədim icmalarla genetik oxşarlıq göstərir. Bu isə təxminən 20 min il əvvəl Berinq boğazından cənuba doğru köç edən insan qruplarına işarə edir. Lakin Çekua qrupunun bu miqrasiya yolundan kənarda qalaraq tamamilə təcrid olunmuş vəziyyətdə yaşaya biləcəyi ehtimal edilir.
Tədqiqatçılar bildirirlər ki, iqlim dəyişikliyi, xəstəliklər və ya qida çatışmazlığı bu topluluğun tamamilə yox olmasına səbəb ola bilər.
Fiziki antropoloq Dr. Xose Visente Rodriqes isə qeyd edib ki, Çekua kəlləsi bölgədəki digər nümunələrlə müqayisədə daha uzun formaya malikdir və üst çənədə abses izləri müşahidə olunur. Bu isə həmin fərdin həyatı boyunca dişlərini infeksiya səbəbilə itirə biləcəyini göstərir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
