Buxarestdəki bir muzeydə Kazimir Maleviçə aid olduğu deyilən üç yeni rəsm əsəri nümayiş olunur. Əgər həqiqətən, orijinal olsalar, onların qiyməti 100 milyon funt sterlinqdən çox ola bilər. Amma sənət aləmi buna şübhə ilə yanaşır.
Bu əsərlər 2023-cü ildə İsraildə yaşayan bir pensionerin Eva Levandonun yatağının altında tapıldığı deyilir. Onları indi onun nəvəsinin həyat yoldaşı olan Yaniv Cohen sərgiləyir.
Rəsmlərin adları:
Yaşıl və qara düzbucaqlı ilə Suprematist Kompozisiya (1918)
Kubofuturist Kompozisiya (1912–13)
Qırmızı kvadrat və yaşıl üçbucaq ilə Suprematist Kompozisiya (1915–16)
Onlar Rumıniyanın Milli Müasir İncəsənət Muzeyində avqustun sonuna qədər nümayiş etdirilir. Lakin sənət mütəxəssisləri deyir ki, bu əsərlərin Maleviçə aid olduğuna dair sübutlar yoxdur. Onlar nə sənətçinin sağlığında sərgilənib, nə də rəsmi sənədlərdə qeyd olunub. Cohen isə iddia edir ki, Levandonun atası bu rəsmləri ya alıb, ya da mühasibat xidmətinə görə ödəniş kimi alıb. Stalin dövründə modernist incəsənət qadağan olunduğundan sənədlərin olmamasını bununla izah edir.
Texniki analizlərdə rəsmlərdəki boyaların Maleviçin yaşadığı dövrə aid olduğu göstərilsə də, bu, əsərlərin onun tərəfindən çəkildiyini tam sübut etmir. Bir neçə sənət tarixçisi, o cümlədən, Konstantin Akinsha, bu rəsmlərin mənşəyini şübhəli hesab edir. Digər tərəfdən, Cohenin gətirdiyi sənədlərdə imzası olan mütəxəssis Dmytro Horbachov əvvəllər də şübhəli əsərləri orijinal elan edib. Muzey isə açıqlama verib ki, sərgi “kurator eksperimentidir” və bu əsərlərin orijinallığını təsdiqləmir. Ümumilikdə, mütəxəssislər deyirlər ki, Rusiya və Ukrayna avanqard sənət bazarında çoxlu saxta və ya şübhəli əsərlər dövr edir və bu rəsmlər də həmin problemlərin bir hissəsi ola bilər.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
