Bu gün:

"Rəssam olmaq təkcə özünü axtarmaq deyil..." - Sürəyya Zeynallı ilə müsahibə


24media.az-ın bu dəfəki müsahibi Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, rəssam, heykəltaraş Sürəyya Zeynallıdır

Nəyə görə rəssam olmaq istədiniz?

-Rəssamlıq sənəti insana Tanrı tərəfindən verilir. Bəlkə də, bu sənəti seçməyim mənim yaşam tərzimdən irəli gəldi. Kiçik yaşlarımdan Mingəçevirdə, boz dağların ətəyində babam və nənəmlə yaşamışam. Orada yanlız təbiəti görürdüm. Həmin vaxtlar mənim tək həmdəmim babamın bağındakı qızılgüllər idi. Həmçinin, tez-tez Naxçıvana gedərdik. Yol boyu gördüyüm mənzərələr və s. daha çox təsir etdi və bunun sayəsində mənə verilmiş bu istedadı üzə çıxara və inkişaf etdirə bildim.

Ümumiyyətlə, ailənizdə, nəslinizdə rəssam, yaxud heykəltaraş olubmu ki, ondan nümunə götürəsiniz?

Düzünü desək, nəslimi tanımıram. Çünki atamgil əslən Cənubi Azərbaycanlı olub, ancaq belə bir məqam var ki, bir dəfə Naxçıvana gedərkən nənəm başımın altına bir mütəkkə qoymuşdu. Anam nənəmdən bunu kimin düzəltdiyini soruşdu. Həmin mütəkkənin üstündə çox gözəl naxışlar var idi və mən ona baxanda çox heyran olmuşdum. Düşünürəm ki, o naxışları hər kəs edə bilməzdi. Görünür, kimlərsə olub.

«Rəssam olmaq özünü axtarmaqdır» deyə bir ifadə var. Bununla razısınızmı?

-Rəssam olmaq təkcə özünü axtarmaq deyil. həmçinin, Yaradanı axtarmaqdır. Çünki  Yaradan yaradır və bu qabiliyyəti verir. Rəssam isə yalnız onun yaratdığını çəkir.

Bu zamana qədər neçə rəsm işləmisiniz və ən sevdiyiniz üç iş haqqında məlumat verə bilərsinizmi?

-Əslində, rəsmlərimi nə saymışam, nə də satmışam, amma hədiyyə verdiklərim , eyni zamanda, xaricdə sərgilənənlər də olub.
   Ən çox sevdiyim işə gəldikdə. Necə ki insan balaları arasında fərq qoya bilmir, mən də rəsmlərim arasında fərq qoya bilmirəm.

Bayaq dediniz, amma çox maraqlıdır, heç mi rəsmlərinizdən, ya da heykəllərinizdən satmamısınız, yaxud hərraca çıxarmamısınız?

-Xeyr, qətiyyən. Mən belə şeylərdən uzaq olmuşam. Tövsiyə olunub ki, satım, çünki boyalar, fırçalar və s. ləvazimatlar alıram. Bunların da qiymətləri baha olur. Ancaq hər zaman satmaqdan qaçmışam

Bir məqama toxundunuz, bununla bağlı fikrinizi bilmək istərdim. Sizcə, boyalar, fırçalar, bir sözlə -  rəssamlar üçün olan ləvazimatlar həddindən artıq bahadırmı?

-Əslində, bu çox normaldır. Bahalı ləvazimatlar peşakar rəssamlar üçündür, digərləri də daha aşağı səviyyəli rəssamlara görədir. Hər kəs özünə uyğun olanı seçir.

Sizə hansı rəsmləri çəkmək daha çətin gəlir?

-Bütün rəssamlarda olduğu kimi məndə də hər iş uğurlu alınmır. Məsələn, iki günə işlədiyim rəsm bir həftəyə çəkilən rəsmlərdən daha çox uğurlu alınıb.  

Rəsm çəkərkən özünüzə xüsusi bir mühit yaradırsınız?

-Əlbəttə. Sakit, arxada həzn bir musiqi olan ortamı sevirəm. Ona görə, daha çox, şənbə və bazar günləri rəsm çəkirəm ki, mənə heç kəs mane olmasın.

İlham qaynağınız nədir?

-İlham qaynağım təbiətdir. Allahın möcüzələri, insanlar və ən çox sevdiyim isə balaca uşaqlardır. Çünki onlar o qədər təmizdirlər ki! Biz insanlar daim saf, təmiz olanı axtarırıq. Uşaqlar isə əsl mələkdirlər.

Bəs işə başlamazdan əvvəl rəssam kimi hansı hazırlıqları edirsiniz?

-Özümü, fikirlərimi toparlayıram. Hər bir rəssam kimi rəsmin kompozisiyasını, eskizini, rəngini, quruluşunu beynində qurmalısan,.

 Rəsmlərinizdəki əsas ideyanız nədir? İnsanlara nəyi çatdırmaq istəyirsiniz?

-İnsanlara mərhəmət, gözəllik, insaflı olmağı, ən əsası, bir-birilərinə hörmət etməyi çatdırmağa çalışıram.

Bir rəssam kimi hədəfiniz var?

-Hədəfim odur ki, əsərlərim xarici ölkələrdə tanınsın. Azərbaycan mədəniyyətini rəsmlərimdə təmsil edərək bütün dünyaya tanıtmaq istəyirəm.

Sizcə, rəssamda əsas hansı xüsusiyyətlər olmalıdır?

-Təbii ki, ilk növbədə, qabiliyyət, ardınca işgüzarlıq olmalıdır. Sonra isə çoxlu mütaliə etməlidir. Gərək, rəssamın başı hər şeydən çıxsın.

Heç elə bir an olubmu ki, bu sahəni seçdiyiniz üçün peşman olmusunuz?

-Xeyr, heç peşman deyiləm. Çünki muzeydə işləməyə başlayanda məcbur oldum ki, ölkəmizin tarixini, etimologiyasını, arxeologiyanı və s. dərindən öyrənim.

Ümumi olaraq rəssam gözü ilə baxsanız, Azərbaycanda bu sahənin iş imkanları haqqındakı fikirləriniz nə olardı?

-Ümumiyyətlə, Azərbaycanda rəssamlıq sənətindən çörək yeyən adamlar azdır, nadirdir. Bizdə bu sahənin  bazarı yoxdur. Ona görə də, bu sahədə olanlar fərqli sahələrdə işləyirlər ki, pul qazana bilsinlər.

Bəs bu sahəni bazar halına çevirmək üçün, sizcə, nə etmək lazımdır?

-Düşünürəm ki, dövlət səviyyəsində şərait yaradılmalıdır, onları himayə etmək lazımdır. Müəyyən qədər emalatxanalar açılmalıdır.

Eləcə də, rəssamlıq təhsili haqqında nə düşünürsünüz?

-Mən oxuduğum dövrlərdə rəssamlıq sənəti və təhsili çox güclü idi. İndi isə orta məktəb oxuyan belə gedib akademiyanı bitirir. Məhz bu səbəbdən, hazırda,  çox zəif mütəxəsislər var.

Əlavə olaraq, heykəltəraşlıq edirsiniz. İki sənəti müqayisə etsəniz, hansı sahədə daha rahat işləyə bilirsiniz?

-Rəssamlıqda. Amma heykəltəraşlıq da yaxşıdır. Ola bilər, heykəltəraşlıqla daha çox məşğul olsam, nisbətən rahat olaram. Özümü yenidən yoxlamaq istəyirəm. Tək məqam odur ki, mənə heykəltəraşlıq asan gəlir, çünki onlar müəyyən formalara sahib olur. Rəsmdə isə, bir çox detalları işləməlisən.

Heykəltəraşlığı özünüzün üstündə işləyərək öyrənmisiniz yoxsa kimsə öyrədib?


-Xeyr, Əzim Əzimzadə adına Rəssamlıq Kollecində oxuyanda bir fənn kimi keçirdilər.

İlk heykəl işiniz haqqında məlumat  verə bilərsinizmi?


-Həmin işi dörd günə işlədim. Yeni açılmış muzeyə nazir gələcəkdi. Mən onu dəyirmançı bir kişi kimi təsvir etmək istəmişdim, lakin mənə deyildi ki, heykəl muzeyə gələnlər tərəfindən zərər görə bilər. Mən də davam etdirmədim. Amma xaricilər çox sevirlər, kim gəlsə, muzeyin girişində mütləq onunla şəkil çəkdirir.

Muzeydəki işinizdən də danışaq. Buradakı fəaliyyətiniz, əsasən, nədən ibarətdir?


-Muzeyin direktoruyam, onun işlərini tənzimləyirəm, bütün muzey fəaliyyəti üzrə məsuliyyət daşıyıram. Həmçinin, eksponatların da məsuliyyəti mənim üstümdədir.

Muzeydə əraziyə və onun tarixinə aid bir çox parçalar, əşyalar var. Onların tapılması, ortaya çıxarılması,eyni zamanda, nümayiş etdirilməsi nə qədər müddətə və maddiyyata başa gəlir?

-Bu ilin may ayında muzeyimizin artıq 40 yaşı tamam olur və biz dövlət büdcəsindən çox az istifadə etmişik. 10325 ədəd eksponatımız var ki, bunların içindən bir neçə dəyərli xalçalar, bir də kəmərlər büdcənin dəstəyi ilə  tapılıb. Qalanını fanatik olduğum üçün öz öhdəmə götürürəm. Bütün bu əşyalar isə, təsadüfi qazıntılar nəticəsində üzə çıxıb. Yəni Saatlıda bu vaxta qədər ciddi arxeoloji araştırma aparılmayıb.

Ümumiyyətlə bu vaxta kimi göstərdiyiniz fəaliyyət haqqında nə düşünürsünüz? Yetəri qədər faydalı olmusunuzmu?


-Xeyr. Düşünürəm ki, daha faydalı ola bilərəm və bunun üçün çalışıram.

Son olaraq, yeni nəsil gənclərin sahib olduqları tarixlə, mədəniyyətlə, incəsənətlə yetərincə maraqlı və bilikli olduqlarını düşünürsünüzmü?


-Əlbəttə. Fəqət nizamlamaq lazımdır. Çünki sosial şəbəkələr çox inkişaf edib və bugünkü uşaqlar keçmiş dövrün uşaqları kimi deyillər.


Xədicə Qiyas

Paylaş
Şərh əlavə et