1930-cu illərdə bir qrup avropalı meskunlaşmayan Qalapagos adası Floreanada özlərinə “cənnət” qurmaq istəyib, amma nəticə dəhşətli bir kabusa çevrilib. Ron Howard-un yeni filmi Eden (baş rollarda Jude Law və Ana de Armas) həmin real hadisələri ekranlaşdırır.
Hadisə qəzetlərdə “Sakit okean Edendə müasir Adam və Həvva”, “Cənnət bağının dəli imperatriçası”, “Özəl cənnət quran doymaz baronessa” kimi başlıqlarla təqdim olunub. Amma bu “cənnət” yalan, manipulyasiya və müəmmalı yoxa çıxmalarla yadda qalıb. İlk məskunlaşanlar 1929-cu ildə alman həkim və filosof Friedrich Ritter (Jude Law) və onun sevgilisi Dore Strauch (Vanessa Kirby) idi. Onlar dünyadan uzaqlaşıb yeni fəlsəfi əsər yaratmaq istəyiblər. Sonradan Wittmer ailəsi (Heinz, hamilə arvadı Margret və oğlu) adaya köçüb. Onların ardınca isə ən qalmaqallı fiqur özünü baronessa adlandıran Eloise Wehrborn de Wagner-Bosquet (Ana de Armas) və iki sevgilisi gəlib. Baronessa adada lüks otel açmaq istəyib.
Qonşular arasında gərginlik artıb. Baronessa digər ailələrin su mənbəyindən istifadə edir, onların ərzaqlarını oğurlayır, gecə-gündüz səs-küylü şənliklər təşkil edib. O, ailələr arasında intriqalar qurur, onları bir-birinə qarşı qoyub. Ritter və Wittmerlər onsuz da bir-birini sevməyiblər. Mübahisələr və qarşıdurmaların fonunda müəmmalı hadisələr baş verib, bəziləri izsiz yoxa çıxıb, bəzilərinin ölümü isə ziddiyyətli şəkildə xatırlanır. Dore Strauch 1936-cı ildə Satan Came to Eden adlı xatirələrini yazdı, Margret Wittmer isə 1959-cu ildə "Floreana: A Woman's Pilgrimage to the Galapagos" kitabını nəşr etdirib. Amma hər ikisi hadisələri fərqli şəkildə təsvir edirdi. Baronessanın aqibəti sirr olaraq qalıb, kimlərinsə dediyinə görə öldürülüb, bəzilərinə görə isə yoxa çıxıb. Rejissor Ron Howard filmdə konkret sonluq göstərir, amma araşdırmaçılar hələ də bunu “həll olunmayan sirr” adlandırırlar. Yeganə uzunömürlü sağ qalan Margret Wittmer idi. O, Floreanada ailəsi ilə birlikdə turizm oteli açdı və ömrünün sonuna qədər adada yaşayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
