Bu gün:

Peruda yaralı insanlarla dolu nəhəng bir məzar tapılıb


Böyük daş məzardan çıxan insan skeletləri Perudakı naməlum bir İnka öncəsi əhali barədə arxeoloqlara yeni ipucları verə bilər.

Təxminən iki onluq insana aid, döyüş izləri daşıyan skeletlər Peruda aşkar edilib və qədim bir qarşıdurmaya dair yeni sübutlar ortaya çıxarıb.

El Curaca adlı ərazi Perunun cənub sahilində yerləşən Atiko Çayı vadisindədir və eramızın 1000–1450-ci illəri arasında, ispan işğalından əvvəl və sonra bölgədə yaşamış Çukibamba və ya Aruni xalqı tərəfindən istifadə olunub. Arxeoloqların Aruni xalqı haqqında bildikləri çox azdır. Onların ən tanınmış mirası isə bölgədəki mağara divarlarına həkk etdikləri çoxsaylı petroqliflərdir.

Lakin 2024-cü ilin oktyabrında Polşadakı Vrotslav Universitetinin Arxeologiya İnstitutundan Yozef Şikulski və onun komandası bölgədə qazıntılara başlayaraq, kişi, qadın və uşaqlardan ibarət 24 skeletin dəfn olunduğu böyük dairəvi daş məzar üzə çıxarıb. 

Meyitlər zəngin qəbir əşyaları ilə birlikdə dəfn edilib. Buna görə də, Şikulski onların müharibənin qalib tərəfinə aid olduğunu, sağ qalanların isə qətlə yetirilən bu insanları şərəfli şəkildə dəfn etdiyini düşündüyünü bildirir. 

Şikulski və komandası aprelin sonuna qədər Perudakı işlərini davam etdirir. Hazırda onlar kəllə sümüklərini 3D skan vasitəsilə sənədləşdirir, tapılmış toxuculuq məmulatlarını qoruma altına alır və məzardan çıxarılan keramika ilə taxta əşyaları araşdırırlar.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et