Alimlər kiçik elektron cihazların yalnız daxili işıqla işləməsinə imkan verəcək yeni günəş texnologiyası üzərində mühüm nailiyyət əldə ediblər. Bu irəliləyiş batareyalara olan ehtiyacı tamamilə aradan qaldıra bilər. 

Advanced Functional Materials jurnalında dərc olunan araşdırmaya görə, elm adamları daxili işıqdan enerji toplaya bilən xüsusi günəş batareyaları hazırlayıblar. Bu texnologiya klaviatura, həyəcan siqnalları və sensorlar kimi kiçik cihazların yalnız mühit işığı ilə işləməsinə şərait yarada bilər.
Tədqiqatda ucuz və yüksək effektivliyi ilə tanınan perovskit materialından istifadə olunub. Bu material, hətta zəif daxili işıqları belə ənənəvi üsullardan daha səmərəli şəkildə toplayır. Mütəxəssislər hesab edirlər ki, perovskit əsaslı hüceyrələr akkumulyatorlara ekoloji baxımdan təmiz və qənaətcil alternativ ola bilər. Əvvəllər bu hüceyrələrin əsas problemi kristal quruluşundakı qüsurlar idi ki, onlar enerji axınını zəiflədir və ömrünü qısaldırdı. Alimlər bu maneəni rubidium xlorid və xüsusi üzvi duzlardan istifadə etməklə aradan qaldırıblar. Nəticədə, günəş batareyaları daxili işığın 37,6%-ni elektrik enerjisinə çevirə bilib.
Təcrübələr göstərib ki, yeni nəsil batareyalar 100 gündən sonra belə öz performansının 92%-ni qoruyub saxlayır. Bu göstərici mövcud prototiplərlə müqayisədə xeyli yüksəkdir. Mütəxəssislərin fikrincə, hazırda milyardlarla cihaz batareyalardan istifadə edir və bu həm iqtisadi, həm də ekoloji baxımdan davamlı deyil. Yeni texnologiyanın inkişafı sayəsində gələcəkdə evlərimizdəki kiçik cihazların yalnız lampaların işığı ilə işləməsi mümkün ola bilər.
Mənbə: Sözcü
Tərcümə etdi: Asiya Zeynallı
