Şimali Koreya, iki ölkə arasındakı gərgin sərhəd xəttini “davamlı olaraq bağlamaq üçün” baryer quran əsgərlərinə Cənubi Koreya ordusundan xəbərdarlıq atəşi açılmasını “təhlükəli təxribat” adlandırıb.

Şimali Koreya Baş Qərargah rəisinin müavini Ko Conq Çol, 19 avqustda sərhəddə baryer quran əsgərlərinə Cənubi Koreya ordusundan atəş açılması ilə bağlı açıqlama verib.
Ko bildirib ki, atəş açıldığı vaxt əsgərlər Koreya yarımadasını “tamamilə ayırmaq” məqsədilə “cənub sərhədini davamlı olaraq bağlamaq üçün baryer layihəsi” üzərində işləyib. Onun sözlərinə görə, Cənubi Koreya “gərginliyi qəsdən artırmağa çalışır”.
Ko Cənubi Koreyaya sərhəddə ölkənin suverenliyini qorumaq üçün həyata keçirilən möhkəmləndirmə layihəsinə qarşı “təhlükəli təxribatlara dərhal son vermək” çağırışı edib.
Digər tərəfdən, son dövrlərdə Koreya yarımadasında gərginliyin azaldılmasına yönəlik bəzi addımlar atılır. Cənubi Koreyanın bu il vəzifəyə başlayan Prezidenti Li Cae-myung, Şimali Koreya ilə münasibətləri normallaşdırmağa dair mesajlar verir.
Cənubi Koreya avqustun 6-da sərhəd boyunca yerləşdirilən “təbliğat yayımı edən səsgücləndiricilərin” sökülməsini başa çatdırdığını, lakin Şimali Koreya ordusunun öz səsgücləndiricilərini yığışdırmaq üçün hələ heç bir addım atmadığını açıqlayıb.
Şimali Koreya lideri Kim Çen Inun bacısı Kim Yo-conq isə 14 avqustdakı açıqlamasında: “Biz dəfələrlə bildiririk ki, Cənubi Koreya ilə münasibətlərimizi yaxşılaşdırmaq kimi bir niyyətimiz yoxdur”, – deyə vurğulayıb.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
