Bu gün:

Amerika Yerlilərinin ən ehtimal olunan mənşəyi Yaponiya deyil, Sibirdir


Tədqiqatlar Amerika yerlilərinin mənşəyinə dair uzun müddət qəbul edilən ‘Yaponiya’dakı Jōmon xalqından törədikləri’ nəzəriyyəsini təkzib edir.

2021-ci ildə qədim dişlər üzərində aparılan bir tədqiqat, Yerli Amerikalıların mənşəyi haqqında uzun müddət qəbul edilmiş nəzəriyyəni şübhə altına alıb və Amerika qitəsinin ilk sakinlərinin düşündüyümüz insanlar olmadığını irəli sürüb. 

Əsasən Yerli Amerikalı ərazilərində tapılan arxeoloji sübutlara əsaslanan bu nəzəriyyəyə görə, insanların qitəyə ilk dəfə təxminən 15.000 il əvvəl Yaponiyadan gəldiyi düşünülüb. Yerli Amerikalıların istifadə etdiyi daş alətlər və digər daş əşyalar, təxminən eramızdan əvvəl 14.000–300-cü illər arasında Yaponiyada yaşamış müxtəlif ovçu-toplayıcı icmalar olan Jōmon xalqının alətləri ilə oxşarlıq göstərib. 

Buna əsaslanaraq və miqrasiya yolları araşdırılaraq, Yerli Amerikalıların Sakit Okeanın şimal sahilini izləyərək, son buzul dövründə Sibiriyə ilə Alaskanı birləşdirən Bering Quru Körpüsü vasitəsilə Şimali Amerikanın şimal-qərb sahilinə çatdıqları irəli sürülüb. 

Nəzəriyyənin bu hissəsi hələ də doğru ola bilər. Lakin PaleoAmerica jurnalında dərc olunan tədqiqat göstərir ki, Yerli Amerikalılar böyük ehtimalla Yaponiyadakı Jōmon xalqının nəvələri deyillər. Nevada-Reno Universitetindən Prof. Richard Scottun rəhbərlik etdiyi komanda Amerika, Asiya və Sakit Okean bölgəsində tapılan qədim dişləri təhlil etdi. Yerli Amerikalılara aid dişlərlə Jōmon xalqının dişləri arasında demək olar ki, heç bir oxşarlıq tapılmadı və aparılan genetik testlər də eyni nəticəni göstərib. 

"İnsan biologiyasının arxeoloji nəzəriyyə ilə üst-üstə düşmədiyini aşkar etdik," – deyir Prof. Scott və əlavə edib: "Köhnə Yerli Amerikalıların Şimal-Qərb Sakit Okean sahilindən gəldiyi fikrini rədd etmirik; yalnız onların Yaponiyadakı Jōmon xalqından törədiyi nəzəriyyəni rədd edirik". 

İlk Amerikalıların Yaponiyadan gəlmədiyinə dair sübutlara yenisi, hazırda New Mexico’dakı White Sands Milli Parkında yerləşən qədim bir göl çöküntüsündə tapılan ayaq izidir. Bu izlər 23.000–21.000 il əvvələ aid edilir; yəni insanların qitəyə gəldiyini düşündüyümüz zamandan xeyli əvvəl.

İnsan ayaq izlərini təsdiqləyən komandanın həmmüəllifi Dr. Sally Reynolds bunları bildirir: "Bu tapıntılar işığında ilk miqrasiyaların Asiyadan Bering Quru Körpüsü vasitəsilə Alaskaya gəldiyi anlaşılıır. Daha əvvəl buz təbəqələri əriyəndən sonra, təxminən 16.000 il əvvəl bir miqrasiya koridoru açıldığında cənuba doğru hərəkət etdiklərini düşünürdük. Lakin White Sands-dəki daha erkən tarixlər göstərir ki, insanlar artıq Amerikada mövcud idilər. Bu isə miqrasiyaların çox daha əvvəl baş verdiyini, amma hələ də eyni marşrut üzrə olduğunu ortaya qoyur". 

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et