Bu gün:

Sardesdə 2.800 illik Lidya sarayının qalıqlarına rast gəlinib


Manisanın Salihli rayonundakı Sardes Antik Şəhərində aparılan qazıntılarda Lidya Krallığına aid 2.800 illik sarayın qalıqları üzə çıxarılıb.

UNESCO Dünya İrs Siyahısına daxil olan Sardes tarixi, ilk dövlət təminatlı pulun burda vurulduğu yer kimi tanınır. Şəhərdə təxminən 120 ildir davam edən qazıntılar ABŞ-nin Viskonsin Universitetindən Prof. Dr. Nicholas Cahillin rəhbərlik etdiyi komanda tərəfindən aparılır.

Sardesdə Lidya dövrünə aid strukturları gün üzünə çıxarmaq olduqca çətindir, çünki şəhərin üzərində Fars, Helenistik, Roma və Bizans dövrlərinə aid qalın qatlar mövcuddur. Lakin bu il aparılan qazıntılarda gimnaziumdan təxminən 1 kilometr şərqdə 8 metr dərinliyə enilərək eramızdan əvvəl 8-ci əsrə aid sarayın qalıqlarına çatılıb.

Saray və tapıntılar

Qazıntılarda monumental daş divarlara malik, 6 metr hündürlüyə çatan bir saray strukturu müəyyən edilib. Sarayın ətrafında lüks evlər, terraslar və müxtəlif tapıntılar üzə çıxarılıb.

Tapıntılar arasında 30 ədəd mis ox ucu və insan skeletinin parçaları yer alır. Bundan əlavə, tapılan 9 gümüş sikkə dünyanın məlum ən qədim gümüş pulları arasında qəbul edilir.

Bu tapıntılar göstərir ki, Lidya yalnız pul sistemi baxımından deyil, həm də memarlıq sahəsində dövrünün qabaqcıl sivilizasiyalarından biri olub.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et