6.000 ildən çox əvvəl işğalçılar Fransanın şimal-şərqində yaxalanaraq işgəncəyə məruz qalıb və şikəst ediliblər.
Arxeoloqların kəşfinə görə, Fransanın şimal-şərqində keçirilən bir sıra ‘qələbə’ bayramlarında müdafiəçilər düşmənlərinin sol qollarını kəsərək onları çuxurlara basdırıblar.
Bu tapıntı bölgədə müharibələrin şiddətli olduğu və işğalçıların Paris ətrafından Fransanın şimal-şərqinə doğru irəlilədiyi bir dövrə işıq salır.
Araşdırmanın həmmüəllifi, İspaniyadakı Valladolid Universitetindən osteoarxeoloq Teresa Fernández-Crespo bildirir: ‘Alt ətraf sümükləri qurbanların qaçmasının qarşısını almaq üçün qırılıb, bədənlərin hamısı künt zərbələrlə yaralanıb və bəzi skeletlərdə deşici izlər var. Bu isə cəsədlərin işgəncə və qətlə yetirildikdən sonra xalqın qarşısında nümayiş etdirilmək üçün müəyyən bir quruluşa yerləşdirilmiş ola biləcəyini düşündürür.
Science Advances jurnalında dərc olunan məqalədə tədqiqatçılar eramızdan əvvəl 4300–4150-ci illərə aid edilən və Fransanın şimal-şərqində çuxurlara basdırılmış 82 nəfərin qalıqlarını araşdırıblar. Bəzi cəsədlər sol qolu və əlləri kəsilmiş halda aşkar edilib. Əlil edilməmiş cəsədlər isə ayrı çuxurlara basdırılıb.
Tədqiqatçılar basdırılma formalarının insanların mənşəyi ilə bağlı olub-olmadığını anlamaq üçün diş və sümüklərin kimyəvi izlərini təhlil ediblər. Bu izlər insanların harada böyüdüyünə və hansı qidaları qəbul etdiyinə dair ipucları verib. Məlum olub ki, şikəst edilənlər Paris ətrafından gəlmiş ola bilərlər, yəni yerli əhali deyillər. Bundan əlavə, bu qrupun müxtəlif bölgələrdən qida qəbul etdiyinə dair izlər aşkarlanıb ki, bu da onların daim hərəkətdə olduğunu göstərib.
Buna qarşı olaraq, şikəst edilməyənlərin yerli əhali olduğu müəyyən edilib. Bu isə onların torpaqlarını müdafiə edərkən öldürülmüş ola biləcəyini göstərir.
Tədqiqatçılar yazırlar ki, işğalçıların bir qismi müdafiəçilər tərəfindən yaxalanaraq onların sol qolu və əlləri ‘qənimət’ kimi kəsilib. Bu isə Avropada tarixdən öncəki dövrə aid ən erkən və ən yaxşı sənədləşdirilmiş qələbə bayramı nümunələrindən biridir.
Mənbə: Arkeofili
Tərcümə etdi: Aytac Musayeva
