ABŞ administrasiyası Rusiya–Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqlara dair kəşfiyyat məlumatlarının “Beş Göz” alyansının üzvləri ilə paylaşılmasını məhdudlaşdırıb. ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bu barədə xüsusi sənəd imzalayıb. Bu qərar Vaşinqtonun münaqişə ilə bağlı həssas informasiyaları maksimum nəzarətdə saxlamaq istədiyini göstərir. ABŞ-ın ən yaxın tərəfdaşlarından belə məlumatları gizlətməsi Qərb daxilində etimad məsələlərinin gündəmə gəlməsinə səbəb ola bilər. Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimov 24media.az-a açıqlama verib.

M.Rəhimov, Trampın Ukraynada sülhün əldə edilməsi üçün xüsusi təşəbbüs göstərdiyini bildirib:
“ABŞ Ukrayna müharibəsinə müttəfiqlərindən fərqli münasibət göstərir. Prezident Tramp Ukraynada sülhün əldə edilməsi üçün xüsusi təşəbbüs göstərir. Lakin onun bu mövqeyi Avropa ölkələri tərəfindən dəstəklənmir. Fikir ayrılığı nə atəşkəsin əldə olunmasına, nə də müharibədə qələbə qazanılmasına imkan verir. Vaşinqtonda Avropa ölkələrinin bəzilərinin liderləri ilə görüşdə də açıq-aşkar bəlli oldu ki, Birləşmiş Ştatlar öz mövqeyini diqtə edir. Keçirilən görüşün müddəti də göstərdi ki, Tramp üçün Avropanın fikirləri maraqlı deyil. ABŞ müharibəni bitirmək üçün bütün məsuliyyəti öz üzərinə götürməkdədir. Buna görə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesini paylaşmamaq qərarına gəlib. Əslində, konfliktin həllinə nə qədər çox vasitəçi cəlb olunursa, bir o qədər mürəkkəbləşir. ABŞ görünür, bunu nəzərə alaraq adekvat addım atmağı məqsədəuyğun hesab edib. Bu isə müharibənin dayandırılması ilə bağlı ümidləri artırır”.
Nicat Rüstəmzadə
