Meksikalı rəssam Frida Kahlo haqqında yeni nəşr “Frida Kahlo: The Complete Paintings” kitabı onun indiyədək az tanınan və ya itən əsərlərini toplayaraq həyatına və sənətinə yeni baxış imkanı yaradır.
Kahlo çox vaxt şəxsi həyatı, sevgiləri, xəstəlikləri və məşhur görünüşü ilə xatırlanır, amma bu kitab onun 152 əsərini (o cümlədən itirilən, yalnız fotolardan məlum olanları) sənət baxımından dəyərləndirir. Araşdırmanı aparan sənət tarixçisi Luis-Martin Lozano bildirir ki, indiyə qədər sərgilər daha çox Kahlo-nun şəxsi həyatına yönəlib, buna görə də bəzi əsərləri diqqətdən kənarda qalıb, bəziləri isə səhv tarixləndirilib və ya yanlış adlandırılıb. Yeni kitab bu boşluğu doldurmağa çalışır və onun həqiqətən rəssam kimi kim olduğunu öyrənməyə imkan verir.
Kahlo-nun ilk işlərində atası Guillermo Kahlo-nun təsiri görünür. Məsələn, 1925-ci ildə çəkdiyi “Still Life (with Roses)” əsəri uzun illər nümayiş etdirilməyib. Onun natürmortları həyatı boyu davam edib və çiçəklərin simvolizmi ilə bağlı məktublarında da öz əksini tapıb. 1938-ci ildəki “Tunas (Still Life with Prickly Pear Fruit)” əsəri üç müxtəlif yetişmə mərhələsində nopal meyvəsini göstərir. Bu, həm rəssamın sənətkar və qadın kimi yetişməsini, həm də dini simvolizmi ifadə edə bilər. Kahlo çox əsər yaratmasa da, onların bir hissəsi itib. Məsələn, “Girl with Death Mask II” (1938) və “The Plane Crash” (1936-38) kimi əsərlər yalnız fotolardan məlumdur. Bu rəsmlər real xəbərlərdən ilhamlanıb, bu da onun sənətində “sənədli dəqiqlik” olduğunu göstərir.
Son illərində xəstəlik və əməliyyatlara baxmayaraq, Kahlo siyasi mövqeyini açıq göstərən əsərlər çəkib. Məsələn, “Congress of the Peoples for Peace” (1952) əsərində göyərçin və atom partlayışı təsvir olunub. Son əsərlərində Meksika bayrağı, sülh göyərçini və hətta Stalin obrazı da yer alıb.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
