Təbiətin ən zəhmətkeş canlılarından biri olan arılar təkcə bal istehsal etmir, həm də ekosistemin davamlılığında mühüm rol oynayırlar. Çoxlarının bilmədiyi maraqlı bir həqiqət isə onların müntəzəm olaraq su içməsidir.

Mütəxəssislərin sözlərinə görə, arıların suya olan ehtiyacı sadəcə susuzluqlarını yatırtmaqla məhdudlaşmır. Bu, həm bal istehsalı, həm də koloniyanın həyati funksiyalarının qorunması üçün əvəzolunmaz amildir.
Arılar balalarını bəsləmək üçün baldan istifadə edirlər. Lakin yetişməmiş və sıx bal sürfələr tərəfindən asanlıqla həzm edilmir. İşçi arılar su əlavə edərək balı mayeləşdirir, beləliklə, sürfələr üçün həm qida dəyəri artır, həm də həzm prosesi asanlaşır.
Yayda havanın temperaturu yüksəldikdə arılar təbii “kondisioner” sistemi işə salırlar. Onlar pətəyə daşıdıqları suyu damcılar halında yayır, qanadlarını sürətlə çırparaq buxarlanma yolu ilə havanı sərinlədirlər. Bu üsulla pətək daxilində sabit 35°C-lik temperatur qorunur.
İnsanlar kimi arıların da biokimyəvi prosesləri suya bağlıdır. Su onların enerji istehsalında və gündəlik fəaliyyətlərinin davamında mühüm rol oynayır. Susuzlaşma həm fərdi arıların sağlamlığını, həm də bütün koloniyanın məhsuldarlığını təhlükə altına salır.
Mütəxəssislər bildirirlər ki, arıların su qəbulu təkcə onların yaşaması üçün deyil, həm də təbiətin balansının qorunması baxımından əvəzolunmazdır. Bu proses həm bal istehsalının davamlılığına, həm də ekosistemin sağlam fəaliyyətinə töhfə verir.
Mənbə: Sözcü
Tərcümə etdi: Asiya Zeynallı
