Bu gün:

Misirdə qədim Kanop şəhərinə aid heykəllər və tikililər tapılıb


Rəsmilərin məlumatına görə, Abukir körfəzində aparılan arxeoloji qazıntılar nəticəsində təxminən 300 il Misirə hakim olmuş Ptolemeylər Krallığına və daha sonra təxminən 600 il Roma İmperiyası dövründə mühüm mərkəz sayılan qədim Kanop şəhərinə aid qalıqlar aşkar edilib.

Mütəxəssislər bildirirlər ki, Kanop şəhəri zamanla baş verən güclü zəlzələlər və dəniz səviyyəsinin qalxması səbəbindən qonşu Heraklion limanı ilə birlikdə su altında qalıb. Son tədqiqatlar zamanı dalğıcların iştirakı ilə aparılan əməliyyatlarda heykəllər və digər əsərlər dənizin dərinliklərindən vinçlər vasitəsilə çıxarılıb.

Tapıntılar arasında ibadət yerləri, yaşayış evləri, ticarət və sənaye məqsədli tikililər, eləcə də su ehtiyatının saxlanması və balıq yetişdirilməsi üçün yonulmuş daş hovuzlar yer alır.

Ən diqqətçəkən əsərlərdən biri Roma öncəsi dövrə aid kral heykəlləri və sfinkslərdir. Onlardan biri üzərində Qədim Misirin məşhur hökmdarlarından II Ramzesə aid heroqliflərin həkk olunduğu sfinksdır. Qalıqlar arasında həmçinin qranitdən hazırlanmış, başı olmayan Ptolemey fiquru da var.

Mənbə: CNN

Tərcümə: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et