24media.az-ın budəfəki müsahibi təhsil eksperti Məzahir Məmmədlidir. O, musiqi məktəblərinə işə qəbul müsabiqəsinin keçirilməməsi ilə bağlı fikirlərini bölüşüb.

-Musiqi və incəsənət məktəblərində attestasiya olduğu halda, müəllimlərin işə qəbulu müsabiqəsi niyə keçirilmir?
Bildiyiniz kimi, Elm və Təhsil Nazirliyinin deyil, Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi və incəsənət məktəblərində attestasiya keçirildi və bu, sakit şəkildə ötüb keçmədi. Burada illərdir fəaliyyət göstərən müəllimlər yaxşı nəticə göstərə bilmədilər. Bunun nəticəsində müəyyən bir gərginlik yarandı, Mədəniyyət Nazirliyi bəzi güzəştlər etməli oldu və attestasiyadan sonra müəllimlərin ixtisaslarına görə bilik və bacarıqlarını öyrənən sertifikasiya keçiriləcəyini bildirdi. Ona görə də attestasiya nəticələri, yəni işdən xaric olmalar, gerçəkləşmədi.
-2025/2026-cı tədris ilində müsabiqə nəzərdə tutulurmu?
Elm və Təhsil Nazirliyində təlimata görə, müsabiqə 1 ay qalmış elan olunur. Mədəniyyət Nazirliyinin isə öz normativ-hüquqi sənədləri, aktları var. Buna uyğun elan edəcəklər. Bu sistem yeni başlayıb, bu səbəbdən məsələ ilə bağlı mediada dərin təbliğat olunmayıb. Həm müəllimlər, həm də media üçün bu, bir qədər yarımçıqdır. Yəni oradakı təlimatlardan heç kimin xəbəri yoxdur. Müəllimlər üçün aydınlıq gətirilməsi çox yaxşı olardı. Onlar Mədəniyyət Nazirliyinin sistemindəki məktəblərə müəllimlərin işə qəbulunun necə keçiriləcəyi, növbəti sertifikasiyaya necə hazırlaşmalı olduqları barədə məlumat əldə edərdilər. Bu barədə müəyyən qədər informasiya verilərsə, cəmiyyət də maariflənmiş olar.
Zəkiyyə Əlili
