Bu gün:

"Tramp öz səlahiyyət müddəti ərzində üçüncü dünya müharibəsinin olmayacağını bildirib"


24Media.az-ın budəfəki müsahibi politoloq Elçin Xalidbəylidir. O, Trampın üçüncü dünya müharibəsinin olmayacağını bildirməsinin beynəlxalq münasibətlərə necə təsir edə biləcəyindən danışıb.

-Trampın bu açıqlaması beynəlxalq münasibətlərə necə təsir edə bilər və belə bir bəyanat qlobal güc balansında hansı mesajı verir?

Anlaşılan odur ki, Tramp dünyanın xilaskarı kimi görünməyə çalışır və ən əsası, təriflənərək bu imici formalaşdırmaqla Nobel Sülh Mükafatını almağı hədəfləyir. Ona görə də Tramp bu cür açıqlamalar verir. Bəzən bütün dünyanın ziyanına olan addımlar atsa da, həmin addımlara sülhpərvər görüntü verməyə çalışır. Məsələn, Trampın Putinlə görüşü, əslində, iflasdan başqa bir şey deyil. Ancaq Tramp bu iflasa “sülh təşəbbüsü” görüntüsü verməyə çalışır. Yəni görünən odur ki, Trampı hazırda münaqişələrin ədalətli və ya beynəlxalq hüquq normalarına uyğun həll olunması yox, sadəcə “savaş dayandı” fikrinin yaranması maraqlandırır. Çünki bu halda o, siyahıya daha bir münaqişənin dayandırılması kimi bir uğur əlavə etmiş olur və bu da onu Nobel Sülh Mükafatına daha yaxınlaşdırır. 

Əslində, Tramp hakimiyyətə gələndəki vəziyyətlə indiki vəziyyət arasında ciddi fərq yoxdur. Əgər bu gün Üçüncü Dünya Müharibəsi təhlükəsi yoxdursa, Tramp hakimiyyətə gəlməmişdən əvvəl də belə bir təhlükə yox idi. Yox əgər həmin dövrdə bu təhlükə var idisə, bu gün Trampın hakimiyyətdə olduğu vaxtda da bu təhlükə hələ qalır. Çünki bu, Trampın istəyindən və ya istəməməsindən asılı olan bir məsələ deyil. Bu, hər an baş verə biləcək bir hadisədir. Ən kiçik hadisə belə Üçüncü Dünya Müharibəsinə və ya nüvə qarşıdurmasına səbəb ola bilər. Ona görə də Tramp öz əhəmiyyətini dünya üçün olduğundan daha artıq göstərməyə çalışır. Əksinə, hazırda Trampın Rusiya Prezidenti Putinlə apardığı “sülh prosesi” ümumilikdə dünya üçün ciddi problem, hətta təhlükə hesab edilə bilər. Çünki Rusiyanın siyasi və psixoloji cəhətdən gücləndirilməsi gələcəkdə onun bütün dünyaya meydan oxuma ehtimalını artırır. Bu baxımdan, Rusiyanı beynəlxalq hüquqa uyğun şərtləri qəbul etməyə məcbur edəcək addımların atılması vacibdir. Lakin Tramp nədənsə Putinin şərtlərini Avropa dövlətlərinin və Ukraynanın qarşısına qoyaraq qəbul edilməsini istəyir və bununla sülhə nail olunacağını düşünür. Bütün bunları nəzərə aldıqda demək olar ki, Trampın mövqeyi və apardığı siyasət hazırda qlobal güc balansını yanlış istiqamətə yönəldir.


Səmayə Səftərova

Paylaş
Şərh əlavə et